Cavid Zeynallı: Erotika yazmasam, heç kim inanmayacaqdı
30.11.99

“Romanımı oxumağı ailəsinə rəva bilmədiyi kişinin oğlunu şəhərin tən ortasında qızla öpüşən gördüm”

“Şəqrq” qəzeti və Kitab Tanıtma Mərkəzinin birgə yaratdığı “Müəllifin kitabı” layihəsinin suallarını bu dəfə gənc yazar Cavid Zeynallı cavablandırır. Onun “Günəşi gözləyənlər” kitabı haqqında müsahibəsini təqdim edirik.


-Nəyə görə “Günəşi gözləyənlər”?

-Düzü, belə suallara cavab vermək mənim üçün hədsiz çətindir. Bu yaxınlarda Ədalət” qəzetində Cəlil Cavanşirlə müsahibəmiz çıxdı, orda yaradıcılıqla, kitabla, romanla bağlı çoxlu suallar vardı. Dedim Cəlil, belə suallara cavab verməkdə mən çox fərasətsiz adamam. Nəyə görə “Günəşi gözləyənlər”? Buna konkret cavab verə bilmərəm. Bir az böyük çıxmasın mən yazmağa iddialı adamam, fikirləşirəm, nə vaxtsa əlimdən beş-üç babat mətn çıxa bilər. Hər bir yazarın içində illər sonra xatırlanmaq, ədəbiyyat tarixinə düşmək kimi istəklər, iddialar olur.

Bundan başqa, adam özünü yazır. Yəni əvvəllər düşünürdüm ki, mətndə özümü gizləməyi bacararam, amma yox, olmur. Altşüur ki var, mütləq özünü göstərir, sətirlərin arasında müəllifin siluetini cızır. “Günəşi gözləyənlər”də 70-80 faiz özümü yazmışam, vəssalam! Kimsə məni vəhşi, barbar, yaramaz adlandıra bilər, amma məncə, “tərbiyəli ev yazıçısı” olub camaatın zəhləsini tökməkdənsə, yazı masasında cüvəllağılıq etmək daha yaxşıdır. Romandakı şamançılıqla bağlı səhnələr əlbəttə, yazıçı təxəyyülüdür. Yerdə qalan hər şey - o acı reallıqlar, gün-güzəran ağrıları-filan hamısı başıma gələn məsələlərdir. Tələbəlik illərindəki macəralar, sevgilər içimdə yığıldı-yığıldı və… bu roman yazıldı. Pisdir, yaxşıdır bilmirəm, bu, artıq başqa məsələdir.

Kitabın yazılma səbəblərindən danışardınız?

- Qarşıma məqsəd qoymamışdım ki, belə bir əsər yazmalıyam. Düzdür, əvvəlcədən struktur qurmaq, hardan başlayıb harda qurtaracağını bilmək yaxşı şeydir. Hər halda, bunu təcrübəsizliyimə bağışlamaq olar. Açığı, kitabı yazdığım ərəfədə düşünürdüm ki, nə isə yazmalıyam, saatlarda oturmaq vərdişini özümdə aşılamalıyam. Bu, yazıçı üçün vacib keyfiyyətdir. Romanı hekayə kimi başlamışdım. Xeyli yazdım, gördüm, hekayə sərhədlərini aşır, əndazəni keçir. Mənimki lap sovet yazıçılarının yazı mətbəxinə oxşadı, (gülür) amma yaradıcılıqda səmimi olmaq gərəkir, düzünü demək lazımdır. Düşündüm, bunu povest, yaxud roman eləmək olar. Ora süjet xətləri, hadisələr əlavə olundu, bir də gördüm, ortalıqda roman var.

Adətən, gənc yazarlar ortalığa hekayə kitabı ilə çıxırlar. Mən bir az ürəkli çıxdım. Romanın nəşri ərəfəsində beş-on il məndən təcrübəli olan gözəlim dostlar qatar-qatar nəsləhətlər verirdilər: tələsmə, roman sonranın işidir, təcrübə lazımdır. Ümumiyyətlə, belə öyüd-nəsihətə əvvələr çox qulaq asırdım. Sonradan başa düşüdüm ki, mənasız şeydir. İnsanın içində yazmaq istəyi, risk eləmək təşəbbüsü varsa, kiminsə məsləhəti, kiminsə dərsvermələri boş-boş şeylərdir. Əsas odur ki, ürəyinin dərinliyində özünə inam olsun!

-İstədiklərinizi yaza bildinizmi?

- Yazdım. İndi oxuyanda fikirləşirəm ki, müəyyən əlavələr eləmək olardı, amma indi artıq kitab çıxıb, gecdir. Mövzu və hadisələrlə bağlı heç nəyə müdaxilə etmək niyyətim yoxdur. Sadəcə, ola bilər dostların dediyi kimi, mənim axıcı dilim var, rahatdır, oxucunu cəlb edir. Ola bilsin, bu belədir. Amma mən öz-özlüyümdə bilirəm ki, yazdığım mətndə kifayət qədər naşı, laxlaq cümlələr var. Bu yaxınlarda kitabı vəqərləyəndə sırf dil nöqteyi-nəzərdən xeyli pintilik gördüm. Yenə deyirəm, istədiyimi yazmışam. Mənim həyatımda nələr baş veribsə, səmimi, rahat, heç kimdən çəkinmədən - qohum-əqrəbadan, ata-anadan, ailədən, yaxınlardan, nəsil-nəcabətdən… heç kimi göz ardına almadan çox rahat şəkildə hər şeyi yazmışam. Bu, mənim içimə bir rahatlıq gətirir.

Bir yaxın adamım kitabı oxuyandan sonra mənə demişdi ki, “sənin yazıçılıq istedadın var, oxucunu özünə cəlb eləməyi, süjet qurmağı bacarırsan, amma belə şeylər yazmaq yaraşmaz sənə, daha ciddi işlərlə məşgul olmalısan. Yazıçılıq, ədəbiyyat gəldi-gedərdi. Sən bəlkə elmə tərəf yönələsən”. Nəsihət verirdi ki, “tərbiyəli bir ailədən çıxmısan, niyə belə şeylər yazırsan, mən oğluma vermədim bu romanı oxumağı”. Və tale elə gətirdi ki, təxminən 10 gündən sonra romanımı oxumağı oğluna rəva bilmədiyi adamın oğlunu şəhərin ortasında qızla öpüşən gördüm. Belə absurd şeylər adamın qarşısına çıxır.

- Əsərdəki obrazlardan danışaq. Kimdi Üzeyir, Əqrəb?

- Dediyim kimi, Üzeyir elə özüməm. Əqrəblə bağlı da olan hadislərdə də, həyatımla bağlı müəyyən epizodlar var. Belə deyək, romanda 10 faiz Əqrəb varsa, yerdə qalanı mənim uydurmamdır. Oxucunu inandıra bilmişəmsə, belə bir adamla eyni şəhərdə yaşadığını qəbul edibsə, deməli, hardasa məqsədimə nail olmuşam. Əjdər Ol romanımı oxuyub gecə yarısı zəng vurmuşdu ki, müəyyən qüsurlar, təcrübəsizlik hiss olunsa da, xoşuma gəldi, şövqlə, enerji ilə yazmısan. Hələ onu da dedi ki, qayğıların, çətinliyin varsa çəkinmə, biz sənin yanındayıq. Başa düşdüm ki, Üzeyir bir obraz kimi məni də, özünü də sevdirə bilib, oxucu onun dərdinə yanırsa deməli, yazmağa dəyər.

- Kitabın satışında razısınızmı, nə qədər satılıb?

- Bizdə yazıçıların ən böyük bəlası kitabının satılmamasıdır. Bu yaxınlarda Şərif Ağayar yaxşı bir söz dedi, Azərbaycanlı yazıçının heç olmasa 1000 nüsxə kitabı satılmırsa, bu fəlakətdir. Əslində, həqiqətən belədir. Bizdə yazıçılardan heç biri öz əməyinə görə yaşamır. Deyirlər, Çingiz Abdullayev istisnadır, mən buna sevinirəm, təki belə olsun. Məşhur bildiyimiz, imzasına inandığımız, illərdir bu sənətin yolunda olan adamlar var ki, dolanışığı başqa işlərdən çıxır. Ədəbiyyat onlara qazanc gətirmir. Mən ümid eləmirəm ki, Azərbaycan yazıçısı yaxın 10 ildə öz yazdığından nəsə qazansın.

Belə deyək, kitab öz pulunu çıxardı. Amma mənim ondan nəsə qazanc götürməyim absurddur.. Azərbaycan reallığı üçün inanılmazdır ki, yazıçı nəsə qazansın. Kitabın reklam bazarı qurulmalıdır. Reklam bazarı olmasa, bu işdən gəlir götürmək qeyri-ciddi səslənir. Məsələn, yeyinti məhsullarını, tualet kağızını, pampersi reklam edirlər, hamı ondan danışır. Elə bir zamandır ki, reklamsız mümkün deyil. Hər şey kütləvi informasiya vasitələrinə hesablanıb. Televiziyanın kütləyə təsiri böyükdür. Kitab televiziyada, jurnalda, qəzetlərdə reklamı olmasa, heç nə dəyişməyəcək, eləcə yerimizdə sayacağıq. Dövlət kitaba sərmayə qoymasa, nəşriyyatlara şərait yaratmasa bizim ömrümüz-günümüz belə olacaq.

-Deyəsən, kitabı yenidən nəşr etdirmək fikriniz var…

Pul tapsam, kitabı məmnuniyyətlə yenidən nəşr etdirərəm. Necə deyərlər, hələlik bu sevdadan vaz keçməkdən savayı yolum yoxdur.

Sirr deyilsə neçəyə başa gəlmişdi?

- Yox, sirr deyil. Təxminən 700-800 manata başa gəldi.

İndi nə yazırsınız?

- Bir roman yazıram. Bu jurnalistika mənim potensialımı, enerjimi, vaxtımı o qədər alır ki, daha dəqiq desək yağmalayır ki, axır vaxtlar heç nə yaza bilmirəm. Amma deyim ki, ikinci romanımın təxminən 80 faizin yazmışam. Özümdə təpər tapıb işə bir də girişsəm, ümid edirəm, yayacan bitirə bilərəm.

İkinci romanım geniş bir mövzunu əhatə edir. Azərbaycan şou-biznesinin, jurnalistikasının bəlaları, Azərbaycan gəncinin necə əzilməsi, alçalması… çalışıram bu məsələləri geniş şəkildə əhatə edim. Anons kimi deyim ki, ölkənin məşhur qəzetlərindən birində çalışan Rəcəb adlı bir jurnalist ekranlardan düşməyən, mahnıları dillər əzbəri olan bir müğənni xanımın bütün həyatını araşdırır, onun fahişəliyə yuvarlanmasının səbəblərini axtarır. Ölkənin humanitar həyatında “domokl qılıncı” rolunu oynayan bir general qızının “efir qəhrımanı” olan insanları kukla kimi oynatmağının acılarını yazmışam. Ən azı bu romanda maraqlı süjet xətti olacaq. Arxayınam ki, kitabı oxumağa başlayan oxucu özünü də hadisələrin içində görə biləcək, indi romanlarda meydan sulayan şikəst cümlələrlə qarşılaşmayacaq. Deyəsən, bir az dəbdəbəli, özündənrazı anons çıxdı, amma yuxarıda dediyim bütün nüansları əhatə edəcəm.

Çağdaş Azərbaycan ədəbiyyatında roman bumu deyilən bir şey varmı? Son romanlardan hansını oxumusunuz?

- Bu roman bumu deyilən ifadəni məncə, Fəxri Uğurlu ortaya atmışdı. O vaxt Fəxri müəllimdən soruşmuşdular ki, niyə roman yazmırsınız? Cavab belə olmuşdu: qoy, bu roman bumu bitsin, görək ortalığa nə çıxır, sonra nəsə yazacam. Sonralar “roman bumu” ifadəsi dillər əzbəri oldu. Bu prosesi biz BUM adlandırsaq da, təbii gedişatdır. Kimin əlindən tutmaq olar ki, yazma! Bu absurd bir şeydir. Yazılsın da, mən buna sevinirəm. Pafos kimi çıxmasın, zaman hər şeyi ələyəcək deyirlər. Həqiqətən, hər şeyin əlahəzrət zamana ehtiyacı var.

Son zamanlar oxuduğum romanlardan Şərif Ağayarın “Haramı”sı xoşuma gəldi. Şərifin romanındakı açıq-saçıq səhnələrə bir ara yersiz hücumlar, tənqidlər oldu. Mən o romanı müdafiə edən bir yazı da yazdım. Seymur Baycanın “Quqark”ı son oxuduğum maraqlı romanlardan biridir. Bəzi publisistik məqamları, artıq yerləri çıxsaq, o romanda xeyli yaxşı material var. Seymur Baycan maraqlı yazıçıdır. Nərmin Kamalın romanını da maraqla oxudum. Düşünürəm ki, bu yazıçılar çağdaş Azərbaycan ədəbiyyatını yaradan imzalardır.

“Şərq” qəzeti

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.