Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?

03.03.24


Asif Rüstəmli

filologiya elmləri doktoru, professor

 


AZƏRTAC NƏ VAXT YARADILIB?

 

 

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi (Acentəliyi-A.R.) bu il mart ayının 1-də 104 yaşının tamam olması barədə “Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi” adlı bioqrafik yönümlü yazı yayınladı. Burada bildirilirdi: “1920–ci il martın 1-də fəaliyyətə başlayan Agentlik müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bildi...”

 


Xatırladım ki, AZƏRTAC haqqında ilk dəfə 34 il əvvəl – 1990-cı ilin may ayında “Azərinformun böyük qardaşı” adlı bir məqalə yazaraq “Azərinform”a getdim.  Orada şöbə müdiri Əsildar Hüseynov ilə görüşdüm və məqaləmi ona təqdim etdim. Əsildar müəllim həcm etibarilə yığcam olan yazımı nəzərdən keçirərək çox bəyəndiyini bildirdi və mövzu ilə əlaqədar xeyli suallar verdi. Həmin gün “Azərinform”dan sevinc və razılıq hissi ilə ayrıldım.

1990-cı il 23 may tarixində bir sıra mətbuat orqanlarında, o cümlədən “Kommunist” qəzetində  məqaləm söhbət şəklinə uyğunlaşdırılaraq “Azərinform”un adından yayınlanmışdır. Bəzi məqamları diqqətə çatdırmaq yerinə düşərdi: “Azərinformun “böyük qardaşı”. Azərinformun 70 illik yubileyi yenicə qeyd edilmişdir. Bu günlərdə isə bir gənc alim Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Asif Rüstəmli(ov) redaksiyaya gəlmiş və ... Azərbaycan Demokratik Respublikası dövründə mövcud olmuş informasiya orqanı – “Azərtac” Teleqraf Agentliyi haqqında material gətirmişdir.

Onun söhbəti, gətirdiyi materiallar o qədər maraqlı idi ki, biz oxucularımızı onlarla tanış etməyə qərara aldıq. Alim bizə aşağıdakıları söylədi” (“Kommunist” qəz., Bakı, 1990, 23 may, №112, səh.4).

Həqiqətən də söylədiklərimin içərisində belə bir fikir də var idi: “Nəhayət belə texniki baza, lazımi mütəxəssislər olduğunu nəzərə alaraq 1920-ci ilin martın 1-də ADR Nazirlər Şurası yanında ilk Azərbaycan Teleqraf Agentliyi – “Azərtac” yaradılmışdır.”

1990-cı ilin mayı... Hələ Azərbaycan dövlət müstəqilliyini bərpa etməyib. Sovet rejiminin antimilli yasaqları hələ qüvvədədir... Cümhuriyyət dövrünün qəzetləri ilə tanışlıq mümkün olsa da, arxiv sənədləri hələ “Tam məxfi” qrif altında qalır...

Məqaləmin məramı Azərtacın 1920-ci ilin martında erməni separatçıları haqqında yayınladığı informasiyaların 70 ildən sonra da öz aktuallığını qoruyub saxladığını diqqətə çatdırmaq idi. Azərbaycan Teleqraf Acenteligi - Azərtacın 1920-ci il martın 4-də “Azərbaycan” qəzetində dərc etdirdiyi məlumatlarda deyilirdi:

 


“QAÇQINLARIN VƏZİYYƏTİ HAQQINDA

Qaryagin, 28 fevral. Zəngəzur mahalı qaçqınlarının vəziyyəti olduqca ağırdır. Hər yerdə qırğınlar törədilir, yoluxucu xəstəliklər yayılır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dərhal buraya gəlməlidirlər. İşgüzar adamların da hərtərəfli yardımına ehtiyac var.

ERMƏNİ ARAQIZIŞDIRANLAR

Şuşa, 1 mart. Mötəbər mənbələrdən məlum olmuşdur ki, Qarakənd və Vəng kəndlərinə gizlincə gələn ermənistanlı təşviqatçılar dinc əhalini Azərbaycan hökumətini tanımamağa çağırırlar. Təşviqatçıların qızışdırdıqları bu kəndlərin camaatı silaha sarılaraq Ağdamdan Qaryaginə və oradan qayıdan müsəlmanlara basqın etməyə başlamışlar.

ERMƏNİLƏR QOŞUN YIĞIRLAR

Şuşa, 2 mart. Alınan xəbərlərə görə Şuşaya basqın etmək üçün Dronun başçılığı altında Gorusa ermənilərin böyük qüvvələri toplanmışdır. İrəvandan himə bənddirlər” (“Kommunist” qəz., Bakı, 1990, 23 may, №112, səh.4).

Azərinformda təqdim etdiyim mətnin dili müasirləşdirilmiş, “Qaçqınların halı” əvəzinə “Qaçqınların vəziyyəti haqqında” yazılmış, “Erməni təşviqatçıları” yerinə  “Erməni araqızışdıranlar” və s. kəlmələr yer almışdır

Zəngəzur (Qarabağ) qaçqınları ilə bağlı Azərtacın Qaryagindən 28 fevral (şübat) tarixində göndərdiyi informasiya “Azərbaycan” qəzetinin 4 mart 1920-ci il tarixli sayında dərc edilmişdir. Yalnız bu faktın özü Azərtacın 1 mart tarixindən əvvəl yaradıldığını və fəaliyyət göstərdiyini təsdiqləyir.

Güman etmək çətin idi ki, 34 il əvvəl qəzet materiallarına əsasən irəli sürülən mülahizə sonralar mötəbər sənəd kimi qəbul olunaraq Azərtacın 1 mart 1920-ci ildə yaradılması tarixinin müəyyənləşdirilməsində əsas arqument kimi qəbul ediləcəkdir. Əslində Azərtacın yaradılması tarixi arxiv sənədlərinə, Cümhuriyyət Hökumətinin qərarlarına əsasən müəyyən olunmalı idi. O vaxtlar “Tam məxfi” qrifli sənədlərlə tanış olmaq səlahiyyətlərindən məhrum olunmuşduq.

İndi isə Azərbaycan Cümhuriyyəti Hökumətinin Azərbaycan Teleqraf Acentəligi - Azərtacın yaradılması haqqında qərarın surətini oxuculara təqdim edirəm: “Azərbaycan Cümhuriyyəti Hökumətinin 3 mart 1919-cu il Qərarları jurnalından (Protokol-A.R.) ÇIXARIŞ.

Eşidildi: Azərbaycan Teleqraf Acentəliginin təşkili haqqında Nazirlər Şurası sədrinin məruzəsi.

Qərar: Azərbaycan Teleqraf Acenteliginin təşkil edilməsi Xalq Məarif nazirinə tapşırılsın.

Əsli ilə düzdür: Katibin köməkçisi Nəcəfov.”

Cümhuriyyət dövründə Azərbaycan Teleqraf Acenteligi yaradılana qədər mətbuat orqanlarında ən çox Böyük Britaniyanın Reuters (Röyter) Agentliyinin məlumatlarından bəhrələnilirdi. Azərbaycan Cümhuriyyəti Hökumətinin 3 mart 1919-cu il qərarından sonra simsiz teleqraf makinalarının Avropa ölkələrindən alınması üçün maliyyə vəsaiti və fəaliyyət üçün yer  ayrıldı. Agentliyin hazırlıq işlərinə beş aya qədər vaxt sərf edildi. 1919-cu il 22 iyul tarixində (“Əkinçi” qəzetinin ilk sayının çap edildiyi gün bəlkə də təsadüfi seçilməmişdir – A.R.) agentlik “Azərbaycan Simsiz Teleqrafı” adı ilə ilk informasiyalarını yayınlamağa başladı. “Azərbaycan” qəzetinin 22 iyul 1919-cu il tarixli 231-ci sayında dərc olunan “Kolçak arxasında”, “Arxangelski cəbhəsində”, “Amerika əsgərləri”, “Trotski – Denikin haqqında”, “Ukraynada”, “İngiltərədə tətil”, “Alman gəmilərinin qərqi haqqında”, “Amerika və Yevropa”, “İtaliyada inqilab varmı?”, “Bolşeviklərin məlumatı”, “Yekartinoslavın işğalı”, “Müsəlmanlarda inqilab ruhu” və s. adlı yığcam informasiyalar ilk milli agentliyimiz olan “Azərbaycan Simsiz Teleqrafı”nın məhsulu idi.

Beləliklə, 3 mart 1919-cu il Azərbaycan Teleqraf Agentliyinin – AZƏRTAC-ın Cümhuriyyət Hökuməti tərəfindən rəsmi olaraq yaradıldığı gündür.

Bu gün müstəqi, azad, qüdrətli ölkəmizdə yüzilüstü təcrübəsi, peşəkarlığı, mobilliyi ilə dünyanın informasiya məkanında zəka, təfəkkür, məntiq ilə “silahlanmış”, özünə layiq yer tutan Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 105 yaşı tamam olur.

Çoxşaxəli, çoxçeşidli informasiya fəaliyyətində dəqiqlik, həqiqilik, qərəzsizlik, operativlik prinsiplərini prioritet sayan AZƏRTAC-ın yaranma tarixində yol verilmiş yanlışlığın aradan qaldırmaq üçün müdrik və cəsarətli addımlar atılacağına inanırıq.

 

Gəncə - Bakı. 2-3 mart 2024.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.