Eşq mülkündən Allah evinə: "Azərbaycanın Tac Mahal”ından REPORTAJ + FOTO
24.08.21

Və ya "Azərbaycanın Tac Mahal”ından reportaj...
 
Qadağalar, yasaqlar bəzən insanı yaradıcılığa sövq edir. "Olmazlar” bir sıra hallarda yaradıcı yeniliklər gətirir, sənət nümunələri meydana çıxarır. Çünki qadağalar, "olmazlar” həm də cazibə, maraq mənbəyidirlər.
 
 
Abidə məhəbbət
 
Babur İmperiyasının hökmdarı Cahangir şah nəvəsi Cahana nə qədər qadın nazı ilə oynamamağı tapşırsa da, qəlbini ələ verməməyi nəsihət eləsə də, Mümtaz Mahal onun qəlbini əsir elədi: Cahan şah ona bir könüldən min könülə vurulub ailə qurdu. Sonra isə ona qadağa öyüdləri verən babasının da canını aldı. Beləcə, qadağa ilk yaradıcılıq bəhrəsini verdi: yeni sevgi isə dillərdə dastan oldu. Qadağanın cəzbi ilə yaranmış bu eşq övlad bəhrələrini də verməkdə davam edirdi. Amma təəssüf ki, Mümtaz Mahal on dördüncü övladını dünyaya gətirəndə doğum döşəyində canını tapşırır. Həmin gecə Cahan şah yuxuda görür ki, pilləkəndə dayanıb, arvadı ilə arasında ön dörd pillə var və arvadı məhz on dördüncü pillədən yıxılır. Bu faktı öyrənəndə ədəbiyyatşünas Rüstəm Kamalın bu fikrini xatırladım: "Yuxu o dünyanın bu dünyaya gizli replikalarıdır”. Bu itki dünyanı Cahan şahın başına dar eləyir; qayğısız saatları ah-naləli zamana çevrilir, yeməkdən-içməkdən kəsilir, bir həftəyə saçları ağarır, doğulan övladına isə "bəla küləyi” kimi nifrət bəsləyir. Amma Cahan şahın sevgisi itmir, azalmır, sadəcə formasını dəyişir: o, öz sevgisini abidə şəklinə salmaq istəyir və İstanbuldan Memar Sinanın tələbələrindən olan İsa Əfəndini öz usta dəstəsi ilə birgə Aqra vilayətinə gətizdirib 21 il ərzində Tac Mahal abidəsini ucaltdırır. Xatırladaq ki, bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın yeddi yeni möcüzəsi siyahısına salınıb. Bir insanın başqa bir insana olan eşqi beləcə, daşlara köçərək əbədiyyət qazanır...
 

 
Səfər günü
 
İyulun əzələ nümayişi sayılan yandırıcı istilərindən baş götürüb Qusar şəhərinə yollandım. "Dağlar oğlu” olmasam da, Laza kəndinə yollanmağa qərar verdim. Lazanı, Şah dağı, Qusar gölünü gəzib axırda rayondakı hotellərdən birində qərar tutduq. On aylıq oğlumun dağlara, şəlalələrə, uçurumlara, maşının qarşısını kəsərək kəklikotu satan uşaqlara heyrətlə baxan gözlərindəki sualları oxuya-oxuya Qusarın gəzməli, görməli yerlərinə baş çəkdik... Körpənin hərəkətlərini izləyərək insan heyrətinin ünvanlarını müşahidə elədim: Körpəykən paklığımızdan doğan heyrətimiz gözlərimizdə, yeniyetmə ikən bilməzlikdən qidalanan heyrətimiz dilimizdə, cavanlıq və orta yaş dönəmində təcrübədən yaranan heyrətimiz ağlımızda, ixtiyar yaşındaykən isə hər şeyi dərindən anlamaqdan irəli gələn heyrətimiz qəlbimizdə məskən tapır...
 

 
İnsani eşqdən Allah eşqinə...
 
Qusar rayon mərkəzindən 17 km aralıdakı Hil kəndində yerləşən "Azərbaycanın Tac Mahalı” adlanan məscidi kənd sakinlərinin bir neçəsi tanımasa da, axırda bir nəfər dedi: "Tac Mahal”-zad bilmirəm, amma kəndin ortasında qədim bir məscid var. Qeyd edim ki, Hil kəndi 1960-ci illərə qədər rayon mərkəzi olub.  Ölkə əhəmiyyətli bu abidə xarici görünüşünə görə Hindistandakı məşhur Tac Mahal abidəsini xatırladır. 1912-ci ildə inşa edilən məscid ikimərtəbəlidir. Birinci mərtəbəsində kişilər, ikincidə isə qadınlar ibadət edirlər. Məscidə gəlib çatandan sonra böyük həvəslə bura daxil olmaq istəsəm də, qapı bağlı idi. Yaxınlıqdakı darvazalardan birini döyüb ev sakinini harayladım. Sağ olsunlar, məscidin imamının telefonunu uzun sürən zəhmətli axtarışdan sonra tapıb verdilər. Zəng etdim, məscidin imamı dedi ki, hüzürdəyəm, bir saat sonra gələcəyəm.
 

 
Asudə vaxtdan istifadə edərək kəndi gəzdim, göyəm, alça ağacları, böyürtkən kolları və gözəl, təmiz hava ruhumu oxşayırdı. Amma demək lazımdır ki, kəndin yolu acınacaqlı vəziyyətdədir. Qış aylarında bu kəndin qışını, gözümü yumsam belə təsəvvür edə bilmirəm. Məscidin imamı vəd elədiyi vaxtda da gəlib çıxdı. Pandemiya vaxtı məscidlər çalışmasa da, jurnalist olduğumu nəzərə alaraq, ara məsafəsini qorumaq, maska taxmaq şərti ilə məscidə daxil olduq. İçəridə bir-birindən gözəl rəsm əsərlərini, ornamentləri görüb, həqiqətən də, belə bir abidəni ziyarət eləməkdən məmnunluq duydum.
 
 
Tarixə ekskurs...
 
Məscidin binası 2019-cu ildə yenidən bərpa edilərkən abidənin çöl divarları suvanıb, dam örtüyü, qapı-pəncərə yenilənib. Məscidin çöl divarlarında tikildiyi tarix ərəb qrafikası ilə qeyd olunub, eyni zamanda divarın içərisinə xüsusi dəmir lövhələr yerləşdirilib. Həmin lövhələrdə "Qurani-Kərim”dən ayələr yazılıb. 200-300 nəfərin ibadət edə biləcəyi məscidin dam örtüyü dəmir təbəqədən ibarətdir, divarlarının qalınlığı isə dörd metrdir. Şükürlər olsun ki, təmir zamanı məscidin ümumi görünüşünə "yaradıcı əlgəzdirmələr” olmayıb və dini abidənin tarixi quruluşuna toxunulmayıb. Sovet imperiyasının Allahla "arası” olmadığından, o illərdə bura anbar, yaxud klub kimi istifadə olunub, amma Azərbaycan azadlığına qovuşandan sonra məscid öz əzəli statusunu bərpa edib.
 
 
8 ilə sığan tikinti
 
Məcidin imamı Amik Həsəliyev "Azərbaycanın Tac Mahalı” ilə bağlı bilgilərini bölüşdü: "XX  əsrin əvvəllərində Hindistandan gələn tacir və zəvvarlar Hil rayonunun komendantı, indiki dillə desək, icra başçısı Qayınbəyov Mitəyə təklif edirlər ki, Hindistanda "Tac Mahal” adlı abidə var, ona bənzər məscidin burada tikilməsi çox yaxşı olar. O da bu təklifi məmnuniyyətlə qəbul edir və 1904-cü ildə abidənin tikilməsinə göstəriş verir. Təmir və tikinti işləri 1912-ci ildə tamamlanır. Məscidi Laçın adlı usta tikib. Dağıstandan olan Hacı Məhəmməd və Nəsrullah adlı iki nəfər isə məscidin içərisindəki bəzəkləri, ornamentləri, rəsmləri çəkiblər”.
 
 
Xeyirxah əməl...
 
Azərbaycan müstəqillik qazanandan sonra 2001-ci ilə qədər bu ibadət ocağı məscid kimi fəaliyyət göstərib. 2001-ci ildən 2019-cu ilə qədər Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət abidəsi kimi qorunub. 2019-cu ildə məscid, Odessada yaşayan əslən azərbaycanlı biznesmen Hacı Kərim İlyasov tərəfindən əsaslı şəkildə təmir olunaraq dindarların istifadəsinə verilib. O vaxtdan bəri məscid kimi fəaliyyətini davam etdirir. Məscidə daxil olarkən Kərim İlyasova aid fikirlərin çərçivədən asıldığını gördüm. Həmin lövhədə oxuyuruq: "Kəndimizdə olarkən bir gün bu əzəmətli məscidə girdim. Pəncərədə qoyulmuş "Qurani-Kərim” kitabını toz içində görəndə özümə söz verdim ki, imkan olan kimi bu məscidi təmir etdirib camaatın istifadəsinə verəcəyəm. Allaha şükür ki, imkan yarandı, məscidi təmir elətdirə bildim”. Daha sonra həmin lövhədən Kərim müəllimin başqa bir arzusunu da oxuyuruq: "Allah nəsib eləsə, istəyirəm kəndimizdə qocalar evi tikdirim”.
 

 
Çevrilmə...

Beləcə, qadağanın yaratdığı maraq eşqə çevrilib. Cahan şahın Mümtaz Mahala olan məhəbbəti isə bu abidəyə dönüb. İnsanların Tac Mahala olan maraqları isə ona bənzər məscidin yaranmasına səbəb olub. Beləcə, insani eşq İlahi eşqə çevrilib...
 
Fərid Hüseyn, Kaspi.az
 


 
 

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.