“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
04.05.21

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib. Təqdimatı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, ensiklopediyanın baş redaktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” jurnalının on cildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyasının da hazırlanmasını böyük hadisə adlandırıb. O bildirib ki, “Ensiklopediyanın hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin bütün əməkdaşlarının çox sanballı xidməti vardır. “Molla Nəsrəddin” və xarici ölkələr yenidən yazılmalıdır. Çünki bu jurnal yalnız Azərbaycanın ictimai-siyasi proseslərini izləməyib, həm də dünyadakı prosesləri izləyib. Eyni zamanda mollanəsrəddinçi ədəbiyyatın poetikası da müstəqillik işığında yenidən yazılmalıdır.  “Molla Nəsrəddin” ensiklopediyası mollanəsrəddinçi ədəbiyyatın və ədəbiyyatşünaslığın bir pasportudur. Bu, akademiyanın elmi tədqiqat institutlarında hazırlanan ilk ensiklopediyadır”.
    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, “bu hadisəyə çox sevindim. Mən “Cəlil Məmmədquluzadə ensiklopediyası” hazırlananda da iştirak etmişdim. Bütöv bir ədəbi dövrün jurnalı olan “Molla Nəsrəddin”in ensiklopediyasının hazırlanması qürurvericidir. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək vurğulayıb ki, “uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan “Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb, nəşr  edilib. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr, “Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər. Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. “Molla Nəsrəddin” ensiklopediyası “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, “Əlavələr” bölməsi də maraq kəsb edir: burada “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib. Ensiklopediyada “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə çıxanlar, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın gün üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi-ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı, jurnalda məşhurlaşanlar, belə demək olarsa, jurnalın - yetişdirdikləri, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib... İlk buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə nəşrə başlamasından (1921) 100, Bakıda son sayının gün üzü görməsindən (1931) 90 il keçən “Molla Nəsrəddin” jurnalı üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediya ilə süslənmişdir. “Molla Nəsrəddin” ensiklopediyasının bütün mollanəsrəddinçilərin ruhunu şad edəcəyinə inanıram. Fürsətdən istifadə edərək, ensiklopediyanın araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni yaradıcılıq uğurları diləyirəm!”
    Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı Vüqar Əhməd “Molla Nəsrəddin” jurnalının və Ədəbiyyat İnstitutunun ilk ensiklopediyası” adlı məruzə edib: “Akademik İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalına dövlət qayğısından bəhs edərək yazır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir”. Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və əməkdaşları da respublika prezidentinin ideoloji və strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin zəngin və ölməz ədəbi irsinə və XX əsr Azərbaycan ədəbiyyatının böyük ədəbi simalarının yaradıcılığını ehtiva edən “Molla Nəsrəddin” jurnalına bitib-tükənməyən xəzinə və möhtəşəm söz abidəsi kimi yanaşır, onun əbədiyaşarlığını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirirlər... Ensiklopediya üzərində işə 2016-cı ildən start verilmişdir. Əvvəlcə akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə “Molla Nəsrəddin” ensiklopediyası üçün “Sözlük” hazırlanmışdır. Şöbənin əməkdaşı Gülbəniz Babayeva 420 səhifədən ibarət olan sözlüyü “Molla Nəsrəddin” jurnalının 8 cildliyi, Qulam Məmmədli, Elmira Qasımova və Afaq Əliyevanın “İmzalar” kitabı, keçən əsrin əvvəllərindən başlayaraq çağdaş dövrümüzə qədər Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında yazılmış tədqiqat əsərləri əsasında tərtib edilmişdir. Bu mərhələ başa çatdıqdan sonra akademik İsa Həbibbəyli sözlüklərin seçilməsi ilə bağlı şöbə əməkdaşları və müəlliflərlə müzakirə və diskussiyalar aparmış, məsləhətləşmiş və ensiklopediya üçün daha önəmli və əhəmiyyətli olan sözlər seçilmiş və elmi məqalələrin əsas mövzusuna çevrilmişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsinə çevrilmişdir...”
    Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bu cür böyük iş üçün təşəkkür edərək əlavə edib ki, bu təkcə Ədəbiyyat İnstitutunun deyil, bütövlükdə akademiyanın uğurudur. AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında “Molla Nəsrəddin” ensiklopediyası”nı Azərbaycan ədəbiyyatı və mətbuatı üçün Ədəbiyyat İnstitutu tərəfindən çox sanballı töhfə adlandırıb. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin BDU-nun Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor  Cahangir Məmmədli “Molla Nəsrəddin” ensiklopediyası” - əsrin söz abidəsi” məruzəsi ilə çıxış edib.
    Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, ensiklopediyanın məsul redaktoru Gülbəniz Babayeva “Milli məkkurə yaddaşının ensiklopediyası” adlı məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözün məziyyətlərindən danışıb. İnstitutun digər şöbələrinin, o cümlədən Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin xüsusilə şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın ensiklopediyanın hazırlanmasına dəstəyi haqqında məlumat verib. 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.