Səxavət Sahil - Tanrı iri lampa asıb zülmətin zirvəsindən

01.01.21

Avanqard.net Səxavət Sahilin yeni şeirlərini təqdim edir.








Yağışın bəhrəsi

Aram-aram səpələyən
aprel yağışı
şaxtadan “qabıqlayan” torpağın üzünə
zərif şırımlar açır.

Şırmlardan axan sular
yığılır-yığılır cığırlar açır.

Cığırlara dolan sular
axır-axır
sıralanan ağacların dibiylə axır.

Çəkir-çəkir
canına çəkir torpaq
yaz yağışının bəhrəli şirəsini.


***
Gecənin boz sükutu
süd rənginə boyanır –
tanrı iri lampa asıb
zülmətin zirvəsindən.

Axşamdan da ay doğub
nar kollarının üstünə –
öz canından pay verib
yarpaqların rənginə.

Gündüz yuxusundan doyan
böcəklər səs-səsə verir
nəğmə oxuyur qaranlığın
gümüş hökmdarına.


***

Çiskinə qarışan
duman çöküb bağa.

Ətrafı bürüyən
ağ pərdələrin arxasından
utancaq bir qız kimi
yuyulur çılpaq ağaclar.

Dumanın göz yaşında
arınıb, parıldayan
bir cüt nar asılıb
budaqların sinəsindən.


***

Gecə “zümzüməsini” kəsən
yağışın yerinə
şəfəq rəngli dimdiyiylə
qaratoyuq oxuyur
səhərin nəğməsini.

Günəş yumurta sarısıdı
hələ “bişməyib” –
günortaya çox var.

Yarpaqlar üstə parlayan
qıvırcıq damlalara baxıb
“güzgülənir” taclı gözəllər –
elə bil səxavət əlləriylə
tanrı yaqut səpib
nar bağına.


***

Qara düşmən qəfil gəlib
mil çəkib günəşin gözlərinə.

Sıyrıb qılıncını
buludun “əsgərləri”.
əmrə müntəzib durub
qan ağlayan yağışlar.

Ölümün hənirtisini duyan çiçəklər
qorxusundan budaqlara sığınıb.

“Körpələri” qorusun deyə
açıb “əllərini” göylərə
tanrıya dua edir
çarəsiz nar ağacı.


***
Bu yaz gətirmədi onunku –
ölüm yuxudaykən apardı.

Sırayla əkilən ağaclar içində
bir bəxtiqara
açmadı yaşılyarpaq gözlərini.

Nə aprel yağışı
nə mart günəşi
nə də bahar yeli
oyada bilmədi nar ağacını.


***
Bahar yenə də
şaxtadan bozaran budaqlara
günəşin əlləriylə
yamyaşıl paltar biçir.

Xəfif mehdən axşamüstü
ətəkləri yellənən
yaxası qırmızı qaşlı
təzə don geyinir
nar ağacları.


***

Çəkib üstünə
fevral qarını
rəngli yuxu görür
nar ağacı:
budaqları oyanıb
tumurcuğu allanıb
günəş də düz yanında parlayır
elə bilir bahardı...

Bir yuxuya aldanıb
sadəlövh nar ağacı.

Qəfil başlayan külək
qarı sovurur göyə
yuxusu haram olur
diksinir nar ağacı.


***

Günəşin şəfəqlərini içib
ətə-qana dolur çiçəkləri.

Yayın istisindən qızarıb
dadlanır, şirələnir nar
yerikəyir payıza.

Öləziyən günəşin
əvəzindən parlayır
asılır budaqlardan
özü bir günəş olur.


***

“Yuxu tutub” ağacları
payzın lap axırıdır,
hazırlıq gedir yaza
budanır qurumuş budaqlar,
yığılır torpağa düşən yarpaqlar.

Ağaclara gərək olmadığı kimi
bağ sahibinə də gərək deyil
indi bu qızılı yarpaqlar.

Qıpqırmızı, dilimlənmiş nar təki
alovun qırmızı dillərinə dönür,
sonra ikiyə bölünür –
cismi kül olub torpaqda qalır
ruhu da tüstüyə dönüb
ağacların əyninə dolur.

Yox olur yarpaqlar,
yox olur.


Mövlud günü

Dekabrın 25-i
öz yerini 26-ya verir.
Evlərin üstünə gümüş örpək salınıb –
damların hamsı eyni rəng alıb.
Ay işığını birə-beş artırıb,
hətta ağacın kəlləsində qalan
qaralmış nar da parıldayır.
Çarmıxa çəkiləndə
ona şahidlik edən ay,
unutmur doğum günündə –
öz işığını Hatəmcəsinə paylayır.
Bu gün mövlud günüdür,
bu gün İsa doğulub.
                              


Marselina üçün

Marselina, sən bakirə Məryəm kimi
əzabları içində daşıyıb
ağrıları körpə təbəssümünlə
gülüşə çevirirsən.

Marselina, sənin zərif çiyinlərində
ağır tənələrə tab gətirən,
mərmər möhkəmliyi var.
Ürəyində qara qanlar axıdıb,
dilində xoş sözlər saxlayırsan.

Marselina, qəlbindəki yaralara
duz səpilsə də hər gün,
yanaqlarında təzə açılan
nar çiçəkləri “bitirirsən”.

Marselina, sən indi Penelopa tək
kətan toxumaq bəhanəsiylə
günü günə calayırsan.

Marselina, bütün bunlar
yaşamaq deyil, dözməkdir
hamıdan, hər şeydən bezməkdir.
Öz Odisseyini gözlə Marselina,
yaşamaq bəzən, kimisə gözləməkdir.


Qafqaz dağlarında


Payızın ilk günləriydi
dostm Mübariz Örənlə
Yessentukidən Qafqaz dağlarına
səyahətə gedirdik.

Narıncı çaytikanı kollarını
yaxasına düzmüşdü
qıjıltıyla axan Baksan çayı

Yollar ilan kimi qıvrılırdı
əlçatmaz zirvələrin sinəsində.

Bələdçi xanım Nadejda
nəhəng qayalığı göstərib deyrirdi:
Bax orda Promteyi zəncirləmişdi
qəzəbli Zevs
caza verirdi öz qardaşına
qartal da dimdikləyirdi onun ciyərlərini.
İndi orda nə Promtey vardı
nə də qartal
əvəzində qorxacaq nar kolları bitmişdi
və ətrafında
qarğalar uçuşurdu.

/"Ulduz" jurnalı/

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.