Marqarita Limberaki - Həsir şlyapa
27.03.17

       Tanınmış yunan yazıçısı Marqarita Limberaki (1919-2001) Afinada doğulub. Afina Universitetinin hüquq fakültəsini bitirib, ədəbi yaradıcılığa 1945-ci ildə “Ağaclar” romanı ilə başlayıb. 1946-cı ildə çap olunan məşhur “Həsir şlyapa” romanı ona dünya şöhrəti gətirib. Yaradıcılığının sonrakı dövrlərində M.Limberaki daha çox dramaturgiya sahəsində fəaliyyət göstərib. “Kandavlinin arvadı”, “Danimarkalılar”, “Müqəddəs Prinks” kimi pyesləri uğurlu səhnə əsərlərindəndir.
M. Limberakinin ən yüksək ədəbi nailiyyəti sayılan “Həsir şlyapa” romanının qəhrəmanları Mariya, İnfanta və Katerina adlı üç bacıdır. Onlar anaları, babaları və xalaları Tereza ilə birlikdə Kifisiyadakı bağ evlərində qalırlar. Valideynləri ayrılmışlar. Gənclik çağlarını yaşayan müxtəlif təbiətli üç bacının taleyi romanın baş qəhrəmanı Katerinanın dili ilə şərh olunur.
Romandan kiçik bir parçanı oxuculara təqdim edirik.


                  
           Hava dünəndən buludlu olsa da, yağış yağmırdı. Göyün üzü gah birdən-birə tutulur, gah buludlardan günəş boylanır, gah da səmanı yenidən qara buludlar alırdı. Beləcə, gün ötüb keçirdi. Sanki göydə qərar tutmuş yağış damlaları buludlarla vidalaşaraq torpağa qovuşmağa hazırlaşırdılar. Ağaclar kədərlə budaqlarını  əyir, kökləri və gövdələri su həsrətində, yarpaqları  günəşə can atırdı.
           Bir anın içində göyün üzü tamam tutuldu, ətrafa qaranlıq çökdü. Həyətdəki heyvanlar böyürüşdülər. Toyuqlar qaqqıldaşmağa, balaca ada dovşanları ora-bura qaçmağa, keçilər hürküşüb ətrafa boylanmağa başladılar.
          Mavrikos da qorxdu. O, yaralı quyruğunu qısıb, gözlərini mənə zilləmişdi, sanki nəsə istəyirdi. Qapını açıb, onu evə buraxdım. Yarasını sarıdım. Özünü rahat hiss etməyə başladı.
         Birdən ildırım çaxdı. Parıltısı elə güclü idi ki, gözlərimizi yummalı olduq. Bədənimdən qəflətən bir üşütmə keçdi, ancaq o mənə qışın ən soyuq şaxtalarından da güclü göründü. Dinməzcə pəncərədən baxırdıq, heç kim qımıldanmağa belə cürət etmirdi, hamı səbirsizliklə gözləyirdi...
         Nəhayət ki, yağdı... Yağış... Şıdırğı, həyatverici bir yağış! İri, dolu damcıları görüb sevindik. Artıq, çoxdan gözlədiyimiz yağış bizim tərəflərə də yağdı.
-    Şükür sənə, - babam dedi. – Çox şükür!
O, sevinirdi, çünki illərcə yetişdirdiyi ağaclar xilas olmuşdu.
-    Hə, hə, çox şükür, - deyə Tereza xala da ona qoşuldu. Elə bil ağacların yalnız bircə sevinci vardı  - yağış damlaları...
      Anam isə susurdu. O, atamla ilk dəfə məhz belə bir havada tanış olmuşdu.
Nədənsə həyətə qaçmaq istədim. İçimdə qəribə hisslər baş qaldırmışdı, ancaq bu duyğular mənə xoş gəlirdi.
-    Sən bir kitab oxu, ya da toxumaqla məşğul ol, - deyə anam söylədi. Səni bekar görəndə xoşuma gəlmirsən.
-    İstəmirəm, - deyə acıqla söylədim.
-    Necə?... İstəmirsən? – Anam pərt halda soruşdu.
-    Hə də! Dedim istəmirəm... Başa düşmürsən?
      Bir anlıq onun soyuq, küskün baxışlarını hiss etdim. Anamın əsəbdən belə hala düşməsini heç vaxt görməmişdim. Görəsən, ona niyə belə kobud cavab verdim? Dediklərimdən dərhal peşiman oldum. Axı, o, bütün həyatını bizə həsr etmişdi! Üzr istəmək üçün ayağa qalxıb, ona yaxınlaşmaq istədim, ancaq utandığımdan yerimdən tərpənə bilmirdim.Qəhər məni boğurdu. Barmaqlarımın ucuyla pəncərənin altını döyəcləyərək, dəbdə olan bir mahnını zümzümə etməyə çalışırdım. Özümdən asılı olmayaraq, gözlərimdən yaş axmağa başladı. Dözməyib, evdən çıxdım. Anam pəncərədən mənə baxır, ancaq çağırmağa cürət etmirdi.
-    Katerina, dəli olmusan, nədir?
     Bu Mariya idi. O da evdən çıxıb, başına örtük taxaraq mənə tərəf gəlirdi. Əlimdən yapışıb, məni evə tərəf dartdı.
-    Xəstələnərsən! Tamam yaşsan! Gedək!
Dayanıb, çaşqınlıqla ona baxırdım, o isə üst paltarımı tələsik çıxarıb, quru xalatı əynimə taxırdı.
-    Əl çək, - ona dedim. – Sənə qalmayıb.
Hamının gözü məndə idi. Heç kim  içimdəkiləri anlamırdı.
-    Xəstələnəcəyəm, ya yox, bundan sizə nə? Sizin nə işinizə qalıb?- dedim.
       Həmin an ürəyimdən cürbəcür hisslər keçirdi. Bəlkə, xəstələnsəm, anam məni daha çox istəyər? Başımı sığallayar, su gətirər, yemək verər. Qaranlıq gecələrdə məni əzizləyər, yanımda oturar, onda otağımdan dərman iyi, gül qoxusu gələr. Bir gecə, hərarətim çox yüksələndə, mən yalnız onu – anamı çağıraram...
-    Axı halın pisləşə bilər, başa düş! – deyə Mariya pıçıltısı ilə sükutumu pozdu.
-    Mariya, sən kiminlə ailə quracaqsan? – deyə ona tərəf çevrilib soruşdum.
-    Sənə nə dəxli var? – deyə o , təəccüblə gülümsəyərək cavab verdi. Hiss etdim ki, belə bir sualı məndən gözləmirdi.
-    Mənə də dəxli var, - dedim. Yadındadlır, əvvəllər hər gün, yatmazdan qabaq yığışıb söhbətləşərdik. Sən, mən, İnfanta, anamız və atamız. O vaxt hardan biləydik ki, nə zamansa atamız bizimlə yaşamayacaq. İndi onu Tereza xala və babamız əvəz edirlər. Hardan biləydik ki, həyatımız belə dəyişəcək. Başa düşürsən, Mariya, ona görə soruşuram. Sən heç bilirsən həyatını kiminlə başlayıb, kiminlə bitirəcəksən?
Başımız söhbətə elə qarışmışdı ki, yağışın nə vaxt kəsildiyini hiss etmədik.
Ağaclardan süzülən şəffaf damcılar göy qurşağının rəngləri altında qırmızıya, sarı və yaşıla çalırdı.
-    Sən bununla nə demək istəyirsən? – deyə Mariya yenə aralığa çökmüş sükutu pozdu.
-    Deyirəm, axı nədən günəş bizi öz şüaları ilə isidir? Nədən yağış öz damlalarını bizim üstümüzə çiləyir? Məgər biz bunlara icazə vermişik?
-    İndi nə deyirsən, yəni Tanrıdan da küsməliyik?
Susurdum, çünki həmişə Tanrıya  inanmışdım.
-    Yəni sən demək istəyirsən ki, indi biz Tanrımızdan da küsməliyik?- deyə o, bir də təkrar etdi. Sanki onun həyatı mənim cavabımdan asılı idi.
-    Nədənsə, mən çox vaxt Prometeyi düşünürəm, bilirsən...
Fikrimi bitirməmişdim ki, o, birdən qəhqəhə çəkib gülməyə başladı. Olsun ki, ömründə heç vaxt belə gülməmişdi.
-    Sən doğrudan da ağlını itirmisən, - deyə o, gülməkdən uğunub gedirdi. Yoxsa, özünü Prometey sayırsan? Bəlkə, dünyanı dəyişdirmək fikrinə düşmüsən? Heç bilirsən biz bu həyatda nəyik? Adicə bir qarışqa! Eşidirsən, adicə bir qarışqa!
O, bunları söyləyib susdu. Çöhrəsində bir ciddilik duydum.Sanki, indi hansısa görünməz bir sədd onu məndən ayırırdı. Ancaq, hiss edirdim ki, o, haqlı olduğunu sübuta yetirməklə bərabər, həm də məndən ehtiyat edir.
-    Hər halda, mən belə nağıllara inanmıram, - deyə o söylədi. Mən adi bir varlıq kimi yaşamaq istəyirəm. Yerdə qalanı isə boş şeylərdır...
-    Hansı yerdə qalanı? – deyə, birdən pərt olaraq, ondan soruşdum. Səni başa düşə bilmirəm.Mən Prometeyi sadəcə ona görə xatırladım ki, məktəbdə ev tapşırığı veriblər... İnşa. – “Siz Prometeyi necə təsəvvür edirsiniz?...”
       Sifətimdəki ifadəni dəyişməməyə çalışırdım, ancaq ürəyimin döyüntüsü imkan vermirdi. Mariya inamsızlıqla düz gözlərimin içinə baxırdı. Dediklərimin yalan olduğunu o, çox yaxşı başa düşürdü.
-    Sən qeyri-adi bir həyat yaşamaq istəyirsən, - deyə o, nəhayət pıçıldadı. Mən isə yox. Çünki, sənə adi görünən bu gündəlik həyatımızın özündə də nəsə ecazkar bir qüvvə olmalıdır.
      O, bunu söyləyərək, evə qayıdıb, qapını sakitcə  arxasınca bağladı. Mən isə yerimdən tərpənmirdim, onun ardınca baxır, nələrin baş verdiyini anlamağa çalışırdım...


  Yunan dilindən
  tərcümə edən
  Lalə CƏMŞİDOVA

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.