Doğum günü almaları - İlqar Rəsuldan hekayə

15.10.16

Avanqard.net İlqar Rəsulun “Doğum günü almaları” hekayəsini təqdim edir.  
 
- Salam, xanım.
- Salam, oğlum.
- Olar sizdən bir xahiş edim?
- Mən sizi görmürəm axı....
 
Onun doğum günü idi. Axşamdan xanımına və oğluna bu münasibətlə hər hansı hazırlıq görməməyi, hədiyyə almamağı tapşırıb, adi günlərdən birini yaşamaq istədiyini demişdi.
 
- Hər hansı sürpriz etmək fikrinə düşməyin lütfən. - Səhər işə gedəndə xanımına və oğluna belə deyib çıxmışdı evdən.
 
İşdə gün ərzində dost-tanışdan xeyli təbrik aldı. Amma heç bir maddi hədiyyə olmadan. Dostları, yaxınları xasiyyətini bilirdilər deyə ona nəsə bağışlamağa heç cəhd də etmədilər. Axşam onu  kafeyə, restorana şam yeməyinə dəvət edənlər də az olmadı doğum günü münasibətilə. Hamısına “Qalsın başqa vaxta, bu gün evdə, ailəmlə birlikdə olmaq istəyirəm” - deyib, təşəkkür elədi.
Axşama yaxın xanımı zəng eləyib, işdən sonraya dostları ilə hər hansı planının olub-olmadığını soruşdu. “Yox - dedi, - heç bir planım yoxdur, evdə olmaq istəyirəm sadəcə.”
Xanımı dedi ki, onda gəl işdən sonra görüşək, ev üçün bəzi şeylər almalıyıq...
 
Danışıb razılaşdıqları vaxt evlərinin yaxınlığındakı supermarketdə görüşdülər. Yüngülvari bazarlıq elədilər.
 
- Doğum günündür, belə də olmaz. Bəlkə nələrsə alaq, qeyd edək? - xanımı marketin qapısında tərəddüdlə soruşdu.
 
- Yox, heç nə lazım deyil.
 
- Heç olmasa oğlumla öz adımdan kiçik bir suvenir alardım sənə. Uşaq da sevinərdi. Nə də olmasa yubileyindi.
 
- Gedək evə.
 
Marketdən çıxıb qatıq, yumurta və göyərti almaq üçün yaxınlıqdakı böyük şüşə qapıları taybatay açıq olan kənd təsərrüfatı məhsulları dükanına girdilər. Elə yenicə alış-verişə başlamışdılar ki, bayırdan səs gəldi:
 
- Alma neçəyədi, neçəyədi alma?!   
 
Çevrilib baxdılar. Nimdaş geyimli, saçları ağarmış yaşlı bir qadın idi. Görkəmindən və ləhcəsindən şəhər adamına oxşayırdı. Dükanın açıq qapılarından içəriyə səslənirdi. Yanında nimdaş geyimli, başında papaq, əlində çəlik, üzündən daun sindromu asılmış gənc bir oğlan da var idi. Qadının qolundan tutub dayanmışdı. Qadın nədənsə satıcıya yox, dükanın içinə tərəf baxıb danışırdı. Azca gözləyib bir də səsləndi:
 
- Alma neçəyədir?!
 
- Nə bilim neçəyədir! - satıcı sərt cavab verdi, - keç içəri bax də, küçədən söz soruşarlar!
 
- Mən axı görmürəm, ona görə burdan soruşuram! - Yaşlı qadın qolunu oğlanın əlindən çıxardıb, çiyinlərini çəkərək pərt halda ucadan dilləndi.
 
O, sakitcə dayanıb baş verənləri seyr edirdi. Bu vaxt xanımı dözməyib satıcıya iradını bildirdi:
 
- Niyə elə cavab verirsiniz! Adam almanın qiymətini soruşur! Gözləri görmür də!
 
Satıcı acıqla “Alma iki manatdır!” - deyib, qadını qovurmuş kimi havada əlini yellədərək işinə davam etdi. Yaşlı qadın oğlanın qolundan yapışdı, onlar asta addımlarla dükanın qapısından çəkilib getdilər.
 
Satıcı qatıq balonunu ikiqat sellofan torbaya qoyaraq acıqla deyinirdi öz-özünə:
 
- Yolun o üzündə dayanıb, məndən almanın qiymətini soruşur...!
 
O, xanımına “Gözlə, indi  gəlirəm” - deyib dükandan çıxdı. Tələsik addımlarla yeriyib, yaşlı qadınla oğlana çataraq, qarşılarına keçdi:
 
- Salam, xanım.
 
- Salam, oğlum - qadın səs gələn tərəfə cavab verdi.
  
- Olar sizdən bir xahiş edim?
 
- Axı mən sizi görmürəm.
 
- Bu vacib deyil. Olar xahiş edim?
 
- Buyurun, oğlum.
 
- Bu gün mənim doğum günümdür. Sizə bir kilo alma bağışlaya bilərəm?
 
- Olar. Təşəkkür edirəm! - bir az əvvəlki kədər üzündən silinib yox oldu, gülümsündü yaşlı qadın.
 
- Lütfən burda gözləyin, heç yana getməyin, indi qayıdıram.
 
O,  dükana qayıdıb satıcıdan iki manatlıq almadan bir kilo çəkməsini xahiş etdi. Satıcı almaları torbaya yığıb tərəziyə qoydu. Qırmızı, qəşəng almalar idi. Bir kilodan artıq gəldi. Satıcı almanın ikisini torbadan götürmək istəyəndə o, qoymadı. Torbanı alıb dükandan çıxdı. Yaşlı qadın və oğlanı qoyub gəldiyi tərəfə boylandı. Orada yox idilər. Dayanıb narahat halda ətrafa baxdı.
 
- Bəs, dedim axı, heç yana getməyin! - öz-özünə gileylənirdi ki, bir az aralıdakı çörək dükanının qarşısında gördü onları. Yaxınlaşıb nəvazişlə torbanın qulplarını yaşlı qadının barmaqlarına keçirtdi:
 
- Buyurun xanım, almadı. Nuş olsun.
 
- Çox sağ olun oğlum, Allah köməyiniz olsun.
 
- Siz sağ olun, anam! Siz sağ olun!
 
- Axı, mən sizi görmürəm. 
 
- Bu vacib deyil. Əsas odur ki, mən sizi görürəm! - deyib ondan aralandı.
 
Arxadan yaşlı qadının səsini eşitdi:
 
- Mən sizi təbrik edirəm! Doğum gününüz mübarək!....
 
Dükana qayıtdı. Xanımı gözlərində təşəkkür qarışıq təbəssüm, əlində torbalar onu gözləyirdi. Yaxınlaşıb torbaları aldı “Ödəniş eləmisən?” - soruşdu.
 
- Hə, eləmişəm, gedək.
 
- Almalar neçə elədi?
 
- İki manat əlli qəpik.
 
Dükandan çıxdılar. Yolda danışmadılar. Yaşadıqları binanın girişində xanımına baxıb dilləndi:
 
- Gərək ki, oğlumla sən mənə nəsə hədiyyə almaq istəyirdiniz.
 
- Hə, elədi, istəyirdik, amma sən qoymadın.
 
- Hesab elə ki, almaya verdiyin iki manat əlli qəpiklə mənə böyük bir hədiyyə aldınız...
 
Şam yeməyi zamanı xanımı oğluna dedi ki, daha doğum günü hədiyyəsi ilə bağlı narahat olma, almış sayılırıq. Uşağın təəccüblə baxdığını görüb, dükanda baş verən əhvalatı ona danışdı anası. Uşaq çox təsirləndi. Əslində o, atasının belə hərəkətlərini az görməmişdi. Amma yenə də ilk dəfə imiş kimi sevindi.
 
- Mən də doğum günündə ehtiyacı olan kiməsə alma almaq istəyirəm, - anasına baxıb dilləndi.
 
- Mən də elə edəcəm bundan sonra hər doğum günümdə - anası gözləri yaşarmış halda cavab verdi.
 
- Həmişə belə edərik. Adını da qoyarıq "Doğum günü almaları" - bayaqdan başını aşağı salıb sakitcə yeməyini yeyən ata söhbətə qarışdı...  /kulis.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.