Firuz Mustafa - Hasar
16.03.15

Artpress.az yazıçı Firuz Musstafanın "Hasar" hekayəsini təqdim edir.

   Cahid palçıq qarışdırır, Novruz isə suvaq çəkirdi.
   Hava isti idi.
   Arabir dənizdən sərin meh əsirdi.
   Hovuzun suyu daşıb həyətdəki ağacların dibindəki çalalara dolurdu. Təzə suvağın sement qarışıq qoxusuna bir nəmişlik qoxusu da qarışmışdı.
   Cahidlə Novruz  üç gün idi ki, burada işləyir, bağ evinin hasarını hörürdülər.
   Hasarı çəkib qurtarmışdılar, indi divara suvaq vururdular.
   -Müəllim, vallah, bu uzun gədədən mənim gözüm su içmir.
   Bu sözləri Cahid dedi və ətrafına göz gəzdirdi; sanki dediyi sözləri kiminsə eşidəcəyindən ehtiyatlanırdı. Halbuki burada ondan və Novruzdan başqa bir kimsə yox idi. Onlar öz aralarında bağ sahibi Babaxanı “uzun” adlandırırdılar. İndi Cahid bu sözə bir “gədə” kəlməsi də artırmışdı.
   Novruz əlindəki malanı palçıq dolu vannanın içinə atdı; yerə çömbəldi. İki qarışqa  ağır yükü çəkə-çəkə divarın dibi ilə sürüyüb aparırdı, yəqin ki, bu yük onların öz çəkisindən dəfələrlə artıq olardı. Novruz cibindən çıxartdığı əzik-üzük dəsmalla alnında puçurlanan təri silib yorğun-yorğun gülümsədi:
   -Gör bir neçə gündür burada can qoyuruq, gəlib bir dəfə baş çəkməyib. Amma Babaxan bizi bu bağa gətirəndə demişdi ki, yemək-içməyimiz də onun boynunadır. Sonra sözünün üstündən qaçdı, dedi ki, soyuducuda kolbasa var, yeyin getsin. Nə qədər kolbasa-çörək yemək olar?
Cahid yenə ətrafa boylandı:
   -Yemək-içmək onun gözünə girsin, mən qorxuram biz heç gördüyümüz işin pulunu da ala bilməyək...
    Novruz malanı götürüb dedi:    
    -Mən onu tanımırdım ki... Sən dedin ki, yaxşı adama oxşayır, dəfə-darağımızı götürüb gedək...
   Onlar Babaxanla şəhərin giriş hissəsindəki nəhəng körpünün altında tanış olmuşdular; bu yerə şəhər əhli illərdən bəri qəribə bir ad qoymuşdu: “qul bazarı”. Buraya təkcə şəhərdən deyil, ucqar kəndlərdən də adamlar axışıb gəlirdilər. Gələnlərin əksəriyyəti vaxtilə tikintidə çalışmış, sonralar müxtəlif səbəblərdən öz iş yerlərini itirmiş adamlar idi. Özlərinə “ucuz” fəhlə axtaranlar daha çox bu “qul bazarına” baş çəkirdilər. “Bazarın” yaxınlığında dayanan minik maşınlarına bəzən bir neçə dəstə “hücum çəkirdi”.  “Qulaxtaranlar” istədikləri adamla sövdələşib öz niyyətini və qiymətini deyirdi. Həmin gün bu “bazara”  baş çəkən ucaboy kişi maşından düşüb birbaşa, tanımaza-bilməzə Cahidə yaxınlaşdı:
   -Deyəsən, sən inşaatçısan hə?
   Cavid bir az duruxub:
   -İnşaatçı deyəndə birtəhər çıxır, mən bənnayam,-dedi.
   Kişi güldü:
   -Mənə elə bənna lazımdır.
   -Sizə neçə fəhlə lazımdır?
   -İki nəfər bəs eləyər. İstəsən özünlə bir adam da götür...
   -Olar...
   Kişi bağ evinin hasarını qaldırmaq istədiyini dedi. Cahid bayaqdan bəri kənarda dayanıb fikrə getmiş Novruzu səslədi:
   -Müəllim, bir bəri gəl...
   Kişi qımışdı:
   -Nə? Müəllim?
  Cahid qısa izahat verdi:
   -Hə, vaxtilə müəllim işləyib... Sonra xəstəliyi ilə bağlı işdən çıxıb.
   Cahid Novruzla elə bu “bazarda” tanış olmuşdu.
   Novruz onlara yaxınlaşdı:
   -Hə, eşidirəm.
   Kişi güldü:
   -Adam müəllim olanda nə olar ki? Salam əleyküm...
     Novruz dili topuq vura-vura dilləndi:
   -Salam... Bağışlayın, fikirli idim...
   Cahid uzun kişinin üzünə baxıb dedi:
    -Müəllim vaxtilə tikintidə işləyib... Müəllimlikdən qabaq.
    Uzun kişi yenə güldü:
    -Əşi, müəllimlik niyə iş olur ki... Yenə Allah versin tikintiyə...
    Bilmək olmurdu ki, kişi bu sözləri zarafatla deyir, ya ciddi.
   Söhbət əsnasında öyrəndilər ki, kişinin adı Babaxandır, bağ evindəki köhnə, alçaq hasarı təzələyib qaldırmaq istəyir. Onlar alətlərini götürüb Babaxanın maşınına əyləşdilər. İşlə yerində tanış olub qiyməti sövdələşdilər, ümumi razılığa gəldilər. Həyətdə lazım olan tikinti materialları-qum, daş, sement var idi. Belə qərara gəldilər ki, işə elə indidən başlamaq olar. Babaxan onlara onu da dedi ki, istəsəniz gecəni də burada, bağ evində qala bilərsiniz.
   Onlar üç gün idi ki, bu kimsəsiz bağ evində gecələyir, Allah bilir nə vaxtdan bəri soyuducuda qalmış, artıq quruyub qaxac olmuş kolbasa, çörək  və pendir tikələrini yeyir, arada çay dəmləyib içirdilər. Bütün günü işləyir, hasarın suvağını vururdular. İş yekunlaşmaq üzrə idi. Bağ sahibindənsə hələ bir xəbər-ətər yox idi. Yalnız arabir, daha doğrusu axşamlar, qonşuluqda yaşayan, ayağının birini çəkən orta yaşlı bir kişi sakitcə, salam-kalamsız  həyətə daxil olur, hinə yaxınlaşır, əlində gətirdiyi yal qazanını özü kimi səsi çıxmayan itin qabağına qoyur,  sonrasa gəldiyi kimi səssiz-səmirsiz çıxıb gedirdi.   
    Novruz bir xeyli müddət məktəbdə biologiya müəllimi işləmişdi. Sonralar xəstələnib ucqar şimal şəhərlərindən birində işləyən qardaşının yanına müalicəyə getmişdi. Qardaşı oradakı bazarlardan birində alver edirdi. Novruz həm müalicə qəbul edir, həm də qardaşına kömək edirdi. Əvvəlcə işləri pis getmirdi; o, qardaşının bazara gətirdiyi mer-meyvəni satırdı. Sonra həmin bazarı dağıtdılar. Qardaşlar işsiz qaldılar. Novruz məcbur olub kəndə qayıtdı. Artıq məktəbdə onun əvəzinə müəllim götürmüşdülər. Novruzun ora-bura şikayəti də bir nəticə vermədi. Hər yerdə eyni cavabı eşidirdi: “ İcazəsiz çıxıb getmisən, indi qayıdıb əsassız olaraq dərs davası döyürsən. Gecdir...” Vəssalam. Amma uşaqları böyütmək, yedirib-içirtmək lazımdı. Novruz xatırladı ki, vaxtilə əsgərlikdə tikinti batalyonunda bənna işləyib. Köhnə sənətini təzədən diriltmək qərarına gəldi. Günlərin bir günü ehtiyac onu “qul bazarına” gətirib çıxartdı. O, doğru-dürüst adama oxşayan Cahidlə də elə burada tanış oldu. Cahid bənnalığa təzə başlamışdı. Bir-iki evdə işləmişdi, beş-on manat qazanmışdı. Özü də dilli-ağızlı idi, “müştəri” qabağında ta Novruz müəllim kimi ağzına  su alıb susmurdu.
  -Gərək bir az beh alaydıq bu uzun gədədən.
  Bu sözləri Cahid dedi.
  Novruz onun dediklərini sanki candərdi təsdiq elədi:
  -Hə də... Bu işin qaydası budur.
  -Məncə axşamacan hörgünü başa çatdıracağıq.
  Novruz əlindəki malanın ucu ilə, divara vurduğu suvağın üstündən, dolaşıq xətlər çəkə-çəkə yenə könülsüz halda dilləndi:
   -Əlbəttə, qurtada bilərik...
   -Bəlkə ortadan nəsə bir işi çıxıb, ona görə gələ bilmir...
   -Hər şey ola bilər... Vedrəni doldur bəri ver görüm...
   Gün yaxan vaxt qapıda maşın səsi eşidildi. Az sonra həyətin darvazası açıldı. Babaxan qapıda göründü.
   İt bir-iki ağız hürdü.
   Cahidlə Novruz bağ sahibini salamladılar. Sanki Babaxan onları eşitmirdi. O, əvvəlcə təzə dikəlmiş hasara, sonra təzə çəkilmiş suvağa baxıb heç nə ifadə etməyən bir tərzdə başını yelləyib:
   -Bura baxın, orada maşının yük yerində ət var, onu götürüb gətirin bura,-deyə, əlini qapıya sarı tuşladı.
   Cahidlə Novruz palçıqlı əllərini hovuzdan süzülüb axan suyun altına tutub cəld eşiyə çıxdılar. Maşının yük yeri açıq idi. İçəridə mələfəyə bükülü böyük bir ət parçası vardı; bu, şaqqalanmış qoyunun yarı hissəsi idi.
   -Kabablıqdır,-deyə, Cahid əlini yağlı quyruğun üstündə gəzdirib  astadan dilləndi. -Səni bilmirəm, mən yaxşı kabab çəkirəm...
   Novruz onunla həmrəyliyini bildirdi:
   -Yaxşı ətə oxşayır... Yəqin ki, kababı pis olmaz.
   Onlar mələfəyə bükülü əti götürüb həyətə gətirdilər.
  Babaxan qaş-qabaqlı halda, heç ustalarının üzünə baxmadan dedi:
  -Onu bax oraya, o stolun üstünə atın.
  Cahid mələfəni qamarlayıb stola yaxınlaşdı.
  -Hayıfdır, günün altda qalıb...
   Babaxan onun sözünü kəsib:
   -Eybi yoxdur, heç nə olmaz,-dedi.
   Babaxan haradansa tapıb gətirdiyi kötük və baltanı yerə arıb köynəyinin yaxasını açdı. Baltanı götürüb cəld əti doğramağa başladı. Açıq-aşkar   görünürdü ki, Babaxan əti kabab üçün hazırlamaq niyyətində deyil. Amma nə Novruz dillənirdi, nə də Cahid.
   Babaxan ətin iri bir parçasını əlinə götürüb hinə yaxınlaşdı, köpək əti az qala havada qamarladı.
   Babaxan itə baxıb qımışdı:
   -Ye, nuşi-can...
   İt əti acgözlüklə parçalayaraq sanki sahibinə ehtiram əlaməti olaraq başını tərpətdi.
   Babaxan əlini-əlinə çırpıb hasara yaxınlaşdı, əli ilə divarı, suvağı sığallayıb geri addımladı. Bir xeyli susdu. İndi bayaq, itə ət atarkən, sifətinə qonmuş təbəssümdən əsər-əlamət görünmürdü. Gözləri səyriyirdi.
   -Bu nə divardı hörmüsüz? Bu nə suvaqdı vurmusuz? Uçurun o hörgünü! Mənə belə iş lazım deyil...
   Kişi üzünü qonşu həyətə tutub ucadan qışqırdı:
   -Cumay!.. Haradasan? Bir bura gəl görüm.
   Az sonra itə yal daşıyan “lal adam” taytıya-taytıya özünü qapıdan içəri təpdi.
   Babaxan kişiyə yaxınlaşıb hirslə, əl-qolunu ölçə-ölçə qışqırmağa başladı:
   -Əşi, bura bax, bunlar qanmır-qanmır, bəs sən haraya baxırsan? Korsan? Görmürsən hasarı nə günə salıblar? Belə divar hörərlər, belə suvaq vurarlar? Belə iş olar? Sənə demədim bunlara nəzarət elə? Götür oradan o toxmağı sök bunları getsin...
    Kişi, Babaxanın “Cumay” deyə çağırdığı adam, küt-küt ətrafa baxıb səssizcə başını aşağı dikdi. Babaxan irəli yeriyib Cumayın qulağının dibinə bir şillə çəkdi. Cumay it kimi zəngildəyib yerində ləngər vursa da, ayaqlarını durduğu yerdən üzmədi.
   Cahidlə Novruz yaxınlaşıb kişinin qolundan tutdular.
   Cahid asta səslə dedi:
   -Bir deyin görək sizin xoşunuza gəlməyən nədir?
   -Bəyəm bu işdir? Hasarı korlayıb bu günə salmısız, hələ danışmağa bir diliniz də var? Bura baxın, sizi də qoyun kimi şaqqalayıb ataram o boz köpəyin ağzına, köpək uşağı. O yediyiniz çörək sizə haram olsun. Rədd olun buradan... Yoxsa əlimdən xata çıxar.
    Bu üç gün ərzində bir dəfə mırıltısı da eşidilməyən it qəfildən irəli dartınıb ucadan, hökmlə hürməyə başladı. İndi itin boynundakı zəncir cingildəyərək heyvanın hürməsinə nəsə əzəmətli-təntənəli bir səs də əlavə edirdi. Deyəsən, it öz sahibini görüb şitənmişdi.
   ... Tozlu qəsəbə yoluna çıxanda Novruz Cahiddən soruşdu:
   -Bura bax, o kişi lal idi görəsən?
   Cahid fikirdən ayrılıb key-key soruşdu:
   -Hansı kişini deyirsən, müəllim?
   -İtə yal aparan topalı...
   -Mən nə bilim, müəllim, yenə sən bilərsən...
  Yüngül minik maşını alatoranda onların yanından ildırım kimi şaxıyıb keçdi. Ətrafı toz-duman bürüdü. Deyəsən Babaxanın maşını idi.

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.