Etibar Salmanlı - Bir şizofrenin yeni ili
26.12.13

Səhər yuxudan həmişəkindən tez durmuşdu. Yerindən qalxmamış, əlini çarpayının altına salıb, gecə sərxoş halda atdığı siqaret qutusundan 6 saat yalqız qalan siqareti götürdü.
Bir dəqiqəyə yaxın da,  alışqanını axtardı. Sonda cütlüyü tam edərək, günün ilk siqaretini alışdırdı. Saat 9 olmamış yuxudan durmağa öyrəşmişdi. 3 ilə yaxın idi ki, mərkəzi hansısa Avropa ölkəsində yerləşən “Liberallıq” radiosunun işçisi idi. İşə yeni başlayarkən, radioda ən axırıncı işləri ona gördürürdülər. Ən axırıncı adamlardan müsahibələr alır, “böyük” müxbirlərin “böyük” adamlardan aldığı müsahibənin fotolarını çəkir, redaktəsini edirdi.
Sonralar ölkədə “süni” mitinqlər bumu yaşandı. Radiodan ona “Samsung Galaxy SII” verdilər ki, mitinqlərdən çəkilişi “Bambuser” ilə canlı yayımlasın. O  da mitinqlərdə və mitinqlərdən sonra bölmələrin, məhkəmələrin qarşısından canlı yayımlar edərək özünü rəhbərliyin gözünə soxa bildi. Maaşını qaldırdılar, ofisdə ona da bir kompüter stolu və diyircəkli kreslo verdilər. Özünü nisbətən “adam” kimi hiss etməyə başladı. İşdə bir-iki nəfərin istefasından və mənəvi depressiyaya düşməsindən sonra mövqeyi daha da gücləndi. Bir neçə sayta da ədəbi-fəlsəfi köşə yazıları yazmağa başladı. Deyəsən, cəmiyyətin bir hissəsi onu ciddi adam kimi qəbul etməyə də başlamışdı. “Facebook”da 5 minə yaxın dostu var idi. Hər statusunu 50-60 nəfər bəyənirdi. Axşamlar isə tanış qadın yazarlardan biri və ya bir neçəsini qoltuğuna vurub, keçmiş “Torqovaya” – indiki Nizami küçəsini o baş-bu baş gəzirdi. Bu qadınların ərləri də sonradan gəzintiyə qoşular və gəzintini maraqlı edirdilər. Gəzinti zamanı tanışlarla qarşılaşmaq, onların “A bəy, necəsən? Dünənki yazını oxudum, hökumətin cəmdəyinə yaman döşəmişdin” tipli şablon sözlər onu göyün yeddinci qatına qaldırırdı. Sonra isə “Krivetka” ya da “Secret” adlanan, yerli əhalinin “Pub” adlandırdığı məkanların birində oturar, bir- iki şüşə “Efes Draft” boşaldardı. Bəzən pivə içməyə pul olmurdu, bu zaman isə “Eşq olsun, a bəy!” deyənlərin mobil nömrələrinə zəng edib mədəni şəkildə, boyunlarına pivə ya araq qonaqlığı qoyardı.
Ancaq son günlər “Liberallıq” radiosunda yeri laxlayırdı. Köhnə jurnalistlərin yerinə, “Facebook”da gic-gic statuslar yazan bloqqerləri işə götürürdülər. Bloqqerlər onun çörəyinə bais olurdular. Gecə düşəndə evinə gələr, səliqəsiz, darmadağın olmuş otağına baxar, sabah yuxudan durandan sonra otağı səliqəyə salacağını özünə söz verirdi. Ancaq verdiyi sözlərin sayını özü də itirmişdi. Sonra isə  “Kvartet” təşkilatının  “SSRİ-ni tərifləyən ən yaxşı yazı” müsabiqəsində qalibə hədiyyə olaraq verilən “Dell” firmasının dizüstü noutbukunu şəbəkəyə qoşar və “Facebook”da ağlamalı statuslar yazmağa başlayardı. Yazdığı hər statusa gələn “like”lar onu kədərli statuslar yazmağa daha da həvəsləndirərdi. Amma düşünməzdi ki, əslində, statusları daha yazmasın deyə “like” olunur.
Çox zaman borca aldığı pivələri bitirib, qutunun içində bir siqaret qalanadək oyaq olar və sonra əlindəki son siqaret kötüyünü də pivə qutusuna atar və yatmağa çalışardı. Günləri adətən belə keçərdi. Bu gün isə fərqli bir gün olmalı idi. Dekabrın 31-ni hər zaman maraqlı şəkildə qeyd edirdi. Dəfələrlə Tbilisiyə getmiş, yeni ili orda qeyd etmişdi. Bir neçə dəfə də Azərbaycanın regionlarında. Ancaq bu gün üçün heç bir planı yox idi. Ötən gecə bir neçə tanışına xəbər yollasa da, hamısından mənfi cavab almışdı. İndi nə edəcəyini bilmirdi. Sonda qərar verdi ki, geyinib şəhərə getsin, bəlkə tanışlardan kimisə tapar və yeni il gecəsini birlikdə keçirərlər. Qırmızı dama-dama köynəyini və qara cinsini geyinib, saçını daradı. Güzgüdə öz əksinə baxaraq, “Nə tez qurtardın, şair” deyimini bərkdən dedi. Dediyi ifadəyə gülərək, siqaretini alışdırıb, evi ilə sağollaşdı. Blokun qarşısında isə illərin qoca çinarı Əhməd kişini görəndə yüksək səslə salam verib uzaqlaşmağa çalışdı. Dayansa Əhməd kişi onunla Azərbaycanın son 20 ildəki iqtisadi-siyasi həyatını müzakirə edəcəkdi və axırda müxalifət liderlərini əllərindən bir iş gəlmədiyi üçün təhqir edib, nitqini bitirəcəkdi. Metronun qarşısında dayanıb ciblərini eşələyəndə metro kartının evdə qaldığını görərək, havaya ürəkdən bir ana söyüşü buraxdı. Kiminsə onu 20 qəpik qarşılığında içəri keçirəcəyi ümidi ilə, ödəmə terminalının  qarşısındakı izdihama yaxınlaşdı. Bir qadına 20 qəpiyi verib, turniketləri keçdi. Bayram günü olduğundan, hamı ərini, arvadını, qohumunu, sevgilisini, nişanlısını götürüb, şəhərin mərkəzinə yol alırdı. İnsanlar sevinməyə bəhanə axtarırdılar. Bəhanə də vardı. Həm də iki bəhanə: Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı. “28 may” stansiyasından çıxmış, şəhər mərkəzinə doğru istiqamət almışdı. Yolda fikir verdi ki, bayramla əlaqədar olaraq mərkəzdə dilənçilər çoxalıb. Qarşıdan “Yalvarıram, yalvarıram, yalvarıram mənə çörək almağa pul ver”– deyən qoca bir qarını gördü.
Qarı ondan da pul istəyəndə:
– Özümün çörək almağa pulum yoxdu, – dedi.
Qarı isə:
– O boyda götü niyə yekəldirsən, get işlə də! – deyə çımxırdı.
Qarını keçib Heydər Əliyev parkının aşağısı ilə Sahil bağına doğru gedərkən, “Nizami” kinoteatrının qarşısında dayanaraq, afişalara baxdı. Afişalarda iki yeni çəkilmiş film diqqətini cəlb etdi: “Xoca” və “Dolu”. Mərkəzə getmək fikrindən daşınaraq, kinoteatrın kassasından 5 manata bilet aldı və ləngimədən zala keçdi. “Dolu” filmini izləyəcəkdi. Film əslində çox maraqlı başlamışdı. Film haqqında düşüncələrə dalmaq, yeni bir köşə yazısı yazmaq haqqında düşünməyə başlamışdı. Əslində, bu filmin jurnalist və yazarlar üçün ilk baxışı keçirilən zaman onu da dəvət etmişdilər. Ancaq filmə baxmaqdansa,  evdə oturub araq içərək, kədərli və intihara təhrik edən statuslar yazmağı üstün tutmuşdu. Ancaq indi baxırdı. Kinoteatr qaranlıq idi. Yalnız monitorun işığı var idi. Adamların sayı iki əlin barmaqları qədər idi. Birdən onun diqqətini ondan iki sıra qabaqda oturmuş cütlük cəlb etdi. Qızın kölgəsi arxadan ona kimisə xatırladırdı.  Oğlan əlini qızın boynuna dolamışdı. Sarmaş-dolaş olaraq filmi izləyirdilər. Artıq fikrini bu cütlük cəlb etmişdi. Film, yazacağı köşə yazısı, alacağı 30 manat artıq ona maraqsız gəlirdi. Ancaq qız onu düşündürürdü. Sanki qız ilə tanış idilər. Ancaq hardan? Əsas sual onun üçün bu idi. Birdən cütlük kinonun ya da günün təsirindənmi öpüşməyə başladılar. Cütlük filmi orada baş verən hadisələri və kinoteatrda olan 3 nəfəri veclərinə almayaraq işlərinə davam edirdilər. O isə bu hadisəni müşahidə edirdi. Birdən qızın üzünün çönməsiylə, içindən, əsas da ürəyindən əcaib bir sızıltı keçdi. Qızı hardan tanıdığı yadına düşdü. O qız idi! Bir neçə ay bundan əvvəl “sən məndən daha yaxşısına layiqsən” deyən və onu tək qoyub gedən qız... Keçmiş sevgilisi! O qızla yayın qızmar günlərinin birində sahil bağında, Yazıçılar Birliyindən müsahibədən çıxıb istidən qorunmaq üçün parkda skamyaların birində əyləşib bir neçə dəqiqə əvvəl aldığı müsahibəni düşünəndə tanış olmuşdu. Yanında oturmuş qızın kitab oxumasına maraqla baxmış, sonradan kitabı oxuduğundan, kitabdan söz salmış və beləcə “intelektual “ şəkildə tanış olmuşdular. Qız Bakıdakı universitetlərin birində, 4-cü kursda oxuyurdu və ədəbiyyata marağı onda azərbaycanlı yazar Əli Əkbərin “Amneziya” əsərini oxuyandan sonra yaranmışdı. Yazar əhlinə nisbətən yuxarı təbəqə kimi baxırdı. Ona görə, “Facebook”da 5000 dostu olan, ictimai çevrələrdə az-maz tanınan, həftədə iki köşə yazısı yazan yazarla dostluq qurmaq xoşuna gəlmişdi. Sonra da bu dostluq inkişaf etmiş və günlərin birində qız özünü yazar-jurnalistin pivə qoxusu verən yatağında tapmışdı. Bir neçə ay davam edən münasibət sonradan jurnalistin qeyri-adi istəklərinə görə sona çatmışdı. Qız özünü ultra- romantik sayan yazar-jurnalistdən canını birtəhər qutarmışdı. Yadına qızla sevişdikləri o dar çarpayı, o ağ düşdü. Hər gün işdən sonra saatlarla sevişmələrini, həzz dalğasını  xatırladı. Qızın sol çiynində bir xal var idi. Ən çox sevdiyi məşğuliyyət o xal ilə oynamaq idi. Dəfələrlə, şəhərdəki “pub”larda bir xeyli içəndən sonra, özlərini daha müasir hesab etmək üçün pornoya baxaraq sevişmiş, ardınca da qucaqlaşmış halda çəkilən şəkillərini “Facebook”a da yükləmişdilər. Hər sevişmədən sonra da, yazar siqaret çəkmək üçün balkona çıxar, qız isə yazarın “Facebook” profilindən sevgi dolu statuslar paylaşardı. Ancaq indi o günlər ona çox uzaqda və dumanlı halda görünürdü. Çünki o, artıq tək-tənha, sərgərdan həyat keçirirdi. Daha sevişməyə, sevişməyi öyrətməyə heç kim yox idi. Qızlara sevişmə dərsi keçdiyi ağ da tənha qalmışdı.
Yazarın yeni sevgilisini gözləyirdi.
Şagirdlərin yay tətilindən gəlməsini gözləyən məktəb partaları kimi. Birdən daha bir maraqlı hadisə oldu. Qarşıdakı cütlük filmin ən maraqlı hissəsində zalı tərk etmək fikrinə düşdü. Əvvəl o da filmi yarımçıq qoyub onların arxasıyca çıxmağı düşünsə də, sonradan hazırda nümayiş etdirilən “Dolu” filminin yaradıcılıq heyətinə  hörmətsizlik olacağını düşünüb filmin bitməsini gözlədi. Bir az sonra film bitdi və o artıq yeni ili daha gözəl qarşılamaq üçün “pub”ların birinə baş çəkməyi planlaşdırdı. Daxil olduğu “pub”da tanış heç kimin olmadığını görüb 2 bokal pivə və pendir sifariş edib bakallarla yeni ili qeyd etməyə girişdi. Çox keçmədi ki, bokallardan da bezdi. Ayağa qalxıb pulu stolun üstünə qoyub evə doğru yol aldı. Artıq saat 22:00-ı göstərirdi və tərbiyəli ev uşaqları artıq yeni ili ailələri ilə qeyd etmək üçün metroya axışırdılar. Onlara qoşulub, Sahil metrosunun turniketlərinə yaxınlaşdı. Turniketlərin qarşısında türkün sözü “ana-baba günü” idi. Gənclərin şit zarafatları, bərkdən qışqıra-qışqıra danışıqları onu öz aləmindən alıb regionun ən inkişaf etmiş ölkəsinə gətirirdi və o bunu heç istəmirdi. Birtəhər oraları keçib adam əlindən dolu olan vaqona daxil oldu. Tutacaqlardan birinə söykənib, bir neçə saat əvvəl kinoteatrda gördüyü mənzərəni düşünməyə başladı. Görəsən, indi nə edirdilər? Artıq o öpüşmənin üstündən 3 saatdan  bir az çox vaxt keçirdi. Yəqin ki, yaxınlıqdakı evlərdən birində vəhşicəsinə sevişiblər və indi artıq bir- birinə sarılıb yatırlar. Bəlkə də yox. Hansısa gecə barlarının birində tekiladan içib 2013- cü ilin gəlməsini gözləyirlər. Sevişmə 12-dən sonra olacaq. “Bəlkə”lər onu çox düşündürürdü. Sonradan, özü haqqında düşünməyə başladı. Həmin qızla onu nə bağladığını düşünməyə başladı. Bu gün olanları yaddaşından silməyə cəhd etdi. Ancaq bacarmırdı. Paxıllıq hissi içini dağıdırdı, qatardan düşüb mərkəzə qayıdıb, hətta ürəyindən cütlüyü axtarmağı da keçirtdi. Yox düz deyil axı bu- deyə özü-özünü təkzib etdi. Bir qərar içini gəmirirdi. İçində yenidən sıxıntı baş qaldırmışdı. Özünə etiraf etməliydi. Ancaq bu etiraf ona çox ağır gəlirdi. Birdən, beynində olan fikrini astadan dilinə gətirdi. Dilinə gətirdikləri çox dəhşətli idi. İki dəfə təkrar elədi. “Mənim heç vaxt sevgilim olmayıb axı. Bəs o qız kim idi ? “ Bu cümləni üçüncü dəfə dilinə gətirmək istəyirdi ki, birdən maşinistin səsini eşitdi. “Hörmətli sərnişinlər, qatar depoya gedir. Zəhmət olmasa vaqonları tərk edin!” Əsəbi şəkildə maşinistin var yoxunu yadına salıb, vaqondan düşdü…  /1937.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.