Murad Köhnəqala - Arvad məni özünə yaxın buraxmır
03.07.13

“Poeziya buketi, nəğmə çələngi” layihəsi
 
Azərbaycan poeziyasının nəhəng simalarından biri də ötən əsrdə yazıb-yaratmış Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmdir. Onun gənclərə nəsihət mənasında yazdığı “Duz-çörək” şeiri uzun müddət dillər əzbəri olmuş, xanəndə nəğmələrinin segah hissəsini bəzəmişdir. Bu yazımda Xalq Şairinin beş bəndlik qoşma ilə nələri demək istədiyini sizlərə çatdırmağa çalışacam. Beləliklə, birinci bənd gəlsin!
 
İnsanın şərəfi, bəzəyi məncə,
İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
 
Göründüyü kimi, şair birbaşa qolunu çərməyərək elə birinci bənddən nəsihətə başlamışdır. Deyir, oğul insanın bəzəyi  tirmə-şaldan olmaz! Çoxları ipək köynək, tirmə kostyum geyə bilər, lakin paltar insana şərəf gətirməz! Bəs insanı nə bəzəyə bilər? Sualın cavabı bəndin sonuncu misralarındadı. Deyir, ellər içində həmişə yaxşı olmaq üçün dostuna ziyan yetirməməlisən. Yəni, dostuna ziyan yetirən adam heç vaxt ellər içində yaxşı ola bilməz. Şairin bu qiymətli əsərini  sovet vaxtından bu günümüzün gəncliyinə göndərdiyi mesaj da saymaq olar. Bildiyimiz kimi, gənclər  öz dostuna ən çox toylarda xəsarət yetirirlər. Xalq Şairi demək istəyib ki, əynində tirmədən kostyum olsa da öz dostunu oyun havasına görə heç vaxt bıçaqlama!
 
Keçək ikinci bəndə, deyir: 
 
Yersiz gülümsəmə, yersiz ağlama,
Bir könül də qırma, sinə dağlama.
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə oğlum!
 
Doğrudan da bir də görürsən, bir gənc sahildəki skamyaların birində oturub dənizə, yaxud uca bir binaya baxıb gülümsəyir. Yəni, oğul, o dənizdən, o binadan sənə bir xeyir yoxdusa, nöş yersiz irişirsən? Yaxud başqa misal, bir də görürsən, gənc xanım ona yad olan yas yerində dizlərinə döyüb ağlayır. Düzdü, bu iş üçün ölü yiyəsi ona pul ödəyir, lakin olmaz, yersiz ağlamaq olmaz!
 
Sonra şair qeyd eləyir ki, insan öz sirrini ellərdən gizli saxlamamalıdı. Həm də öz sirrini ellərə danışan vaxt düzünü deməlidi. Yəni, vəziyyət belə olmalıdı, tutaq ki, sən şəhərdə yaşayırsan. Gecə evdə, ailədə nə baş veribsə, balkona çıxıb hamısı ətrafdakılara qışqırmalısan. Məsələn belə: “Ay camaat, axşam evə girən kimi qanım qaraldı, həyat yoldaşım dedi, işıqdan gəlmişdilər, 32 manat borcunuz var. Dərhal qanım qaraldı, iştaham küsdü. Uşağı göndərdim ki, get, aşağıda Məsimin dükanından bir araq götür, deynən, dədəm deyir, gələn həftə borcun hamısını verəcəm. Uşaq gəldi ki, Məsim deyir, dədən utanmırmı, köhnə borcları verməmiş təzədən araq istəyir? Qanım it qanına döndü, kartof qızartması stolun üstündə qaldı, acığımdan gedib ac yatdım”.
 
Sən binada tək deyilsən ki, bu zaman bütün qonşular balkona daraşıb gecə nə işlə məşğul olduqlarını ucadan danışmalıdı. Eldən heç nəyi gizlətmək olmaz! Dərdini qışqırmaq üçün hərə özünə bir meqafon almalıdı. Bir də gördün o biri binadan kimsə qışqırır: “Ay camaat, sizdən nə gizlədim, ta, arvad məni özünə yaxın buraxmır, sizcə ondan şübhələnə bilərəmmi?” Qonşular da onun bu vəziyyətini müzakirə eləməyə başlayacaqlar. Biri deyəcək, ola bilsin yaxşı “podxod” eləməmisən, biri deyəcək, sən onu güd, biri deyəcək, a kişi, sənin arvadını görmüşəm, ona yaxın getməsən yaxşıdı. Beləcə, aydınlıq şəraitində qeybət də aradan qalxar.   
Keçək üçüncü bəndə:
 
Yel qanadlı illər ömürdən gedir,
İnsan zəhmətiylə kamala yetir.
Bağında nərgizlər, lalələr bitir,
Tikanlar, qanqallar bitirmə, oğlum!
 
Görün, ömrümüzdən keçən illəri şair necə səciyyələndirmişdir: “yel qanadlı illər!” Bəh-bəh-bəh! Adama ləzzət eləyir, yəni illər yeldən, küləkdən özünə qanad taxıb uçur. Ona görə də insan zəhmət çəkib kamala yetməlidi. Zəhmət çəkməyən heç vaxt kamala yetə bilməz! Məsələn, cüzi maaşa işləyib əziyyət çəkməyən, yaxud ayağında rezin çəkmə, su üstündə cuvarla dalaşa-dalaşa kənd yerində kartof becərməyən adam kamala necə yetə bilər?
 
Sonra şair nəsihət eləyir ki, bağımızda qanqal, tikanlı kol yox, nərgiz-lalə yetişdirək. Əlbəttə, Sosialist Əməyi Qəhrəmanı burada da haqlıdı. Tutaq ki,  bir adam tərsliyinə salıb öz bağına qanqal, tikan əkdi. Və o qanqal-tikanlar böyüyüb bağı ağzına götürdü. Bəs sonrası nə olacaq? Axı, bağ sahibi qanqalların, tikanların arasında  gəzərkən əvvəl-axır onun ayağına qanqal batmalıdı, ya yox? Sonra o, həkimə getməlidi, ya yox? Həkim onu müayinədən keçirəndə filan qədər pul almalıdı, ya yox? Bizim bu axmaq bağban uzun reseptlə aptekə getməlidi ya, yox? Gördünüzmü, şair doğru buyurub! Razılaşın ki, qanqaldansa, lalə-nərgiz əkmək daha yaxşıdı.
 
Xahiş edirəm bir az səbr eləyin, dördüncü bənddi, qurtarmağına bir şey qalmayıb. Hə, deyir:
 
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu.
Bilmədiyin işi gözüyumulu,
Söz verib öhdənə götürmə, oğlum!
 
Bəli, hər bir şairin ürəyi arzuyla limhəlim dolu olmalıdı, inanmayan gedib AYB-dəki şairləri söylədə bilər. Şair burada bizi həm də hünərə, qəhrəmanlığa, mərdliyə, sədaqətə səsləyir. Arxasınca başa salır ki, insan başı girmədiyi yerə bədənini soxmaz. Məsələn, gedib banklardan gözüyumulu kredit alırsan, sonra da tələb olunan yüksək faizi ödəyə bilmirsən. Sonrası nə olur? Türmədən canını qurtarmaq üçün yaşadığın evi satıb bankın pulunu ödəyirsən. Ona görə deyir ki, bilmədiyin şeyləri öhtənə götürmə, ay yazıq!  
 
Muştuluğumu verin, artıq sonuncu bənddi! Deyir:
 
Oxu öyüdümü sən sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!
 
Şair bizlərə bu şeiri çox diqqətlə, sətir-sətir, küçə-küçə, tin-tin gəzib öyrənməyi, tədqiq eləməyi tövsiyə edir. Söz verir ki, istənilən məclisdə bu şeiri əzbər deyənin hörməti qalxacaq. Arxasınca məsləhət görür ki, qazancımızı, mal-dövlətimizi itirsək də, duz-çörəyi itirməyək.
 
Bu nə deməkdi? Yəni bir adamla oturub yemək yedinsə, demək, oldunuz bir-birinizin qulu! Bəzən duz-çörək söhbətini başqa vəziyyətlə qarışıq salırlar. Xalqımızın belə bir adəti var, psixikası zədələnən uşaq yuxuda ucadan sayıqlamasın, dik atılıb qorxmasın deyə balıncının altına duz-çörək qoyurlar. Bu, bir növ xəstəni yoldan çıxarmaq istəyən şeytana “mən ölüm” vurmaqdı. Yəni, sən bu duz-çörək, uşağa dəymə! Şeytan da duz-çörəyi görüb uşaqdan əl çəkir. Beləliklə, uşağı həkimə aparıb çoxlu pul xərcləməkdən valideynin canı qurtarır. Deməyim budu ki, şair duz-çörək deyəndə balıncın altındakını yox, stolun üstündəkini nəzərdə tutur. Həm də buraya təkcə duzla çörək yox, eləcə də müxtəlif yemək-içmək daxildi. Kababından tutmuş xiyar turşusuna, arağına qədər! Yəni, bir kişi ilə yeyib-içdinsə, demək oldun canbir qardaş. Mal-qaranı itirə bilərsən, bir bağlama pulu fikirli-fikirli metroda qoya bilərsən, lakin yeyib-içdiyin adamı, həmin məclisi heç vaxt unutmamalısan. Bax, budur şairin bizə qoyub getdiyi nəsihətin əsas özəyi! /kulis.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.