Cavid Zeynallı - Kinonun qoca qarğaları... 
27.06.13

“Əşşi, bizimkilər kino çəkə bilir?” – elə ki Azərbaycan kinosunun bu günündən söhbət düşdü, az qala hamının dilindən bu daşdan ağır, tənədən betər sözlər qopur. Şəxsən məndən ötrü bu məşhur və mənfur cümlənin, düşüncələrdə daşlaşmış fikrin ağırlığı utanc gətirici nədir, üstəlik, xəcalət vericidir. Müdafiə edirsən, qarşına fakt qoyurlar: ssenari köhnə estetika, rejissor işində fantaziya deyilən şey yox, dialoqlar bayağı, aktyor oyunu süni, səsyazma qüsurlu və başqa nələr...
 
Bunları görmək üçün mütəxəssis olmaq lazım deyil, orta statistik tamaşaçının “maraqlı deyil, yapışmır” deməyi, əslində, sadalanan bu komponentlərin yerinə olmadığının sübutudur. Məsələ onda deyil ki, illərdir Azərbaycan kinosu can verməklə məşğuldur, dərd həm də ordadır ki, bu can verən zavallının halına ya vəlvələdən, ya zəlzələdən yanan olmayıb.
 
Ortalıqda hər mənada yaxa cıran (!) adamlar illərdir yığılıb qalan problemləri həll etməkdə acizdirlər, əlbəttə. Amma doğrudanmı bu illər ərzində həqiqi canıyananlar olub? Yəni öz mənafeyini, marağını güdməyən, içində kino sevgisi gəzdirən bir ovuc ziyalı olmadımı, bu işin bir çözümünü düşünsün?   
 
İkicə gün əvvəl kinostudiyanın direktoru Müşfiq Hətəmovla müsahibədə etdik. Bu qosqoca zavallı binanı təpədən dırnağa qədər süzmək bəsdi ki, bizdə niyə kino yoxdur sualına cavab tapasan! Cavab tapasan və utanıb yerə girəsən! Bu miskin binanın həyətində avaralanan süləng itdən tutmuş qapı-bacasından asılan paslı qıfıllara qədər hər şey adamın qəlbini sonu görünməyən ümidsizliyə yuvarladır.
 
O qoca göyərçinlər təkcə utandığından başını qaldırıb dik baxa bilməyən Cəfər kişinin heykəlini yox, həm də bizim ümidlərimizi murdarlayırlar.  Bu miskin tikilinin qapısından içəri ayaq basdınmı, adama nəyi xatırlatsa yaxşıdır  - mağaranı: qaranlıq, səssiz, vahiməli...  
 
Heç onca dəqiqə keçmədi, bizimki müsahibə yox, dərdləşmək oldu: bir az sərt, bir az miyana suallarla kinoya cavabdeh şəxsin saqqızını oğurlaya bildik. Və söhbətboyu məndə kinomuz üçün doğrudan-doğruya iş görmək, əlləşib-vuruşub illərlə yığılıb qalan problemlərin öhdəsindən gəlmək istəyən insan təəssüratı yaradan Müşfiq bəyin tez-tez nigaranlıqla diktofona baxıb, nəyisə dilinin ucunda öldürmək niyyətini sezəndə, səsyazanı da söndürdüm. Qoy, olsun!
 
Və yenə üstüörtülü danışsa, illər boyu itirilən çox şeyə təəssüfləndiyini acı-acı sezdirsə də, mən o görüşdən  çox şeyi anladım. Anladım ki, ortalıqda bir nəsil itib, daha doğrusu itirilib, kinoya aid hər nə varsa dağıdılıb. Qalıb bir həsir, bir də Müşfiq Hətəmovun kinostudiyası! O kinostudiya ki, divarları arasında kiminsə başına güllə sıx, xəbər tutan olsa, deməli, bizdə kino da var, üstəlik kinoteatr da! Və o görüşdən kinonun gələcəyi haqqında böyük ümidlərlə ayrıldım. Nə xoş ki, Müşfiq Hətəmov tənqidə açıqdır, mətbuatla sağlam münasibət qurmağa can atır, gənclərin özünütəsdiqi üçün şərait yaratmağa çalışır. Təki hər şey düşündüyüm kimi olsun, nə vaxtsa sadəlövh düşüncələrə qapılmağımın utancını yaşamayım!
 
Bəli, Azərbaycan ədəbiyyatından tutmuş kinosuna  qədər  hər sahədə məhz gənclərin özünü reallaşdırmağı problemi var. Qadağalar boğazacan, yol kəsən Ərəbzəngilər hər yerdə, zəhmi dağdan ağır ağsaqqal-əməkdarlar onlarla... Biz İlqar Fəhminin, Sevda Sultanovanın ssenarist, Rövşən İsaxın, Elxan Rzayevin, Əli İsa Cabbarovun, Fehruz Şamıyevin rejissor, Gülzar Qurbanovanın, İlqar Cahangirovun, Rza Rzayevin, Rasim Cəfərovun aktyor potensialını ekrandan görmək istəyirik. Adını çəkdiklərimin potensialına bələdəm, üstəlik şəxsən tanıyıram, lap bir köynək özümə yaxın bilirəm deyə adlarını çəkdim. 
 
Əlbəttə, mənim tanımadığım, onlarla istedadlı insan var ki, ya bayağı seriallarla baş qatırlar, ya da... ya da necə deyərlər, papağı günə verib boşuna ötən günlərinin, içlərində reallaşmayıb ölən istedadlarının əsəbini-qəzəbini xırd eləməklə məşğuldurlar. Biz Kurasavanın, Trierin, Məcidinin filmlərini istəmirik, billah! Bizə sevinci sevincimizdən, kədəri kədərimizdən olan, əzilən-ucalan, aqibəti-güzəranı gözümüzün qabağındaca yellərə pay olan  AZƏRBAYCANLInın həyatına “ekran tutan” filmlər lazımdır.
 
Bu ölkədə bizim gözümüzü sevindirən neçə film çəkdiniz ki, əvəzində sağlam tənqid, bərbəzəkli tərif eşitmək istədiniz? /kulis.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.