İradə Aytel - Taleh
12.06.13

Hekayə

Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi. 
O tələsirdi… Səhərə tələsirdi… Açılacaq səhər onu bir il yarımlıq ayrılıqdan sonra anasına, doğmalarına qovuşduracaqdı. 
Bayaqdan bəri vaqonun kupeləri arasında var-gəl edən bələdçi artıq yuxuya getmişdi. Kupedəki hər şeyə deyinən qarı, iri gövdəli, buxara papaqlı qoca, daraqlı güzgüsünü əlindən yerə qoymayan qarayanız qız da yuxulamışdı. Deyəsən ondan başqa tələsən yox idi. Çünki, hamı şirin-şirin yatır, səhərin nə vaxt açılacağı haqda heç fikirləşmirdi də. Təkcə ondan başqa…
O yerində bir neçə dəfə  o yan, bu yana qurcalandı. Deyingən qarının səsi eşidildi:
- Eh… a bala, cavan oğlansan, niyə yatmırsan? Nə özün yatmırsan, nə də bizləri qoymursan yataq. Zamana  yaman dəyişib, axı indi sənin şirin yuxu vaxtındı…
O fikirləşdi ki, deyingən qarı danışdısa qurtarmayacaq. Hələ qatara minik başlamamışdan bələdçi ilə yer davası edən bu qarı biletinin yuxarı çarpayıya düşməsindən tutmuş, pəncərədən gələn soyuğa, o biri kupelərdən eşidilən səs-küyə deyinirdi. Bunu eşidən qoca öz yerini qarıya verdi ki, bəlkə o susa. Sonra qarı başladı yenə də deyinməyə, bu yer narahatdı, hanı buranın əl dəsmalı və ilaxır və sair. Qarının deyingənliyi qocanı əməllicə əsəbiləşdirirdi. Hərdən qarıya acıqlı halda baxan qoca ona cavab qaytarmaqdan da geri qalmırdı. 
Onun öz aləmində «güzgü-daraq» adlandırdığı qız isə hərdən gözünün altı ilə ona baxır, qocaların mübahisəsinə işarə edərək gülümsünürdü. 
O fikirləşdi ki, bir də yerində qurcalansa qarının deyinməyi kəsməyəcək. Cansıxıcı kupedən çıxmaq qərarına gəldi. Başını aşağı əyib, gözucu aşağı yerlərdə yatan qarıya və qıza baxdı. Qarının üzünə hərdən işıq düşürdü və o daha da eybəcərləşir, sifətinin hər cizgisindən deyingənlik yağırdı. Qızın isə saçları balışının üstünə tökülmüşdü. Telləri də özü kimi nazlı, ədalı idi, üzünü gözünü tutmuşdu. Birdən onun gözü qızın əlindəki güzgülü darağa sataşdı. Öz-özünə gülümsündü ki, «bu qız yatanda da güzgü ilə yatır». Sakitcə çarpayıdan düşmək istəyəndə qarının xorultusu kəsdi…
- Nə olub, a bala…
O tez-tələsik kupedən dəhlizə çıxdı. Qarı yenə deyinirdi… 
Dəhliz də qaranlıq idi. Təkcə bələdçinin kupesinin qabağında işıq yanırdı. Qatar isə sürətlə irəliləyirdi. Amma, ona elə gəlirdi ki, bu sürət irəli yox geriyə tələsir. Pəncərədən çölə boylandı. Qaranlıq, boşluqdan başqa heç nə gözə dəymirdi. Hərdən isə qabaqdan gələn qatarla onun sərnişini olduğu qatar ucadan fit verir, sanki salamlaşırdılar. 
O tələsirdi… Qatarsa onun tələsdiyinə əhəmiyyət vermədən yoluna davam edirdi. Pəncərənin qabağından kənara çəkilməyərək, əlini gödəkcəsinin döş cibinə atdı və oradakı papiros qutusunu çıxardı. Papiros dənəsini qutudan götürmək istəyəndə, bir anlıq dayandı və dedi, «gərək anama bildirməyim papiros çəkdiyimi», elə bu fikirlərlə bir azdan acılı-şirinli xatirələr onu öz qoynuna aldı.
… - Ata, gündəliyimə qol çəkməlisən.
- Gətir görüm, igidim neçə alıb… Afərin sənə, yenə beş almısan. Kişisən!
Yan otaqdan səs gəldi:
- Elmar, bilirsən oğlun bu gün nə edib?
- Neynəyib mənim igidim? Taleh, nə etmisən ki, anan səndən şikayət edir?
Taleh bir söz demədən başını aşağı dikdi. Yenə yan otaqdan səs gəldi:
- Sənin igidin bu gün qonşunun oğlu ilə dalaşıb.
- Düz deyir anan, Taleh?
- Ata, o mənə qorxaq erməni dedi.
- Yox, ola bilməz, o sənə nəyə görə elə dedi?
- Ata, biz dava-dava oynayırdıq, mən onu əsir tutdum, əlindəki aftomatı vermək istəmirdi. Biz dalaşdıq, o isə mənə qorxaq erməni dedi…
- Adam oyunda dava eləməz. Bir də belə şeylər eşitməyim. 
… Xoşbəxt, qayğısız uşaqlıq illərini müharibə deyilən amansız bir olay qara çadraya bürümüşdü… İnsanların üzündə bir hüzn hökm sürürdü. Doğma vətənin torpaqları erməni daşnakları tərəfindən zəbt olunur, hər gün bir evin qapısına qara bağlanırdı. Talehin atası Elmar da Murovdağ ətrafında gedən döyüşlərə yollanmışdı. Evə çox gec-gec gəlirdi. Sonuncu dəfə gələndə isə çox kədərli idi. Amma yenə də Talehə ümid verirdi: “Hər şey yaxşı olacaq. Anana yaxşı bax. Axı indi evin kişisi sənsən. Dərslərini də yaxşı oxu. Mən olmayan vaxtlarda bir çətinliyiniz olsa Nurəddin əmiyə deyərsən, çəkinmə, o mənim dostumdur” - deyirdi. 
Nurəddin uzun müddət Rusiyada yaşamışdı. Orada ailə də qurubmuş, hətta rus qadınından övladları da olmuşdu. Sonralar Azərbaycana gəldi və bir də qayıtmadı. Deyilənə görə oradan  qaçıb bura gəlib. Döyüşə də getməmişdi. Elmarla uşaqlıq dostu olublar, bir kənddə böyüyüb, bir məktəbə gediblər. Sonralar Elmar ali təhsil alıb, ailə qurub, uzaq düşüblər. Artıq bir neçə il idi ki, bir yerdə olan dostlar yenə də bir-birləri ilə yaxınlıq, dostluq edirdilər. Elmar döyüşə yollanandan sonra Talehgilə daha tez-tez gələn Nurəddin bu evə daha yaxından qayğı göstərir, Talehin dərsləri ilə maraqlanırdı. Və bir gün… onların həyətlərinə hərbi geyimdə bir nəfər gəldi. Onda Talehin təxminən on dörd-on beş yaşı olardı. Qapıya Taleh yaxınlaşdı, anası da ev işləri ilə məşğul idi. Hərbi geyimdəki kişi soruşdu:
- Məmmədov Elmar İsmayıl oğlunun evi buradırmı?
Taleh kişinin zabitəsindən qorxaraq, çəkinə-çəkinə dedi:
- Bəli, kim lazımdır?
- Evinizdə böyüklərdən kim var?
- Anam…
- Başqa heç kəs yoxdur?
- Yox, atam döyüşdədir.
- Əmin, dayın, kimin var?
Səsə həyətə gələn Həbibə, hərbiçini görüb, titrək səslə dedi:
- Elmara nə olub?
Hərbiçi:
- Bilirsiniz, xanım… sözünün arxasını gətirməyərək, əlindəki kağız parçasını Həbibəyə uzatdı… Birazdan həyət qonum-qonşu ilə dolmuşdu. Həbibənin qışqırığı, hönkürtüsü bütün kəndi başına götürmüşdü. Bir tərəfdə büzüşən Taleh isə olanları dərk etmirmiş kimi ətrafdakılara baxırdı. Nurəddin hamıdan çox əl-ayayğa düşmüşdü. Ona xəbər verdilər ki, sabah Şəhid Elmar Məmmədovun tabutunu evinə gətirəcəklər. Yas mərasiminin bütün işlərini boynuna götürən Nurəddin, hətta mərhumun qohumlarına da əl-ayaq etməyə imkan vermirdi. 
… İllər keçdi. Orta məktəbi əla qiymətlərlə bitirən Taleh ali məktəbə qəbul olmazdan əvvəl hərbi xidmətə yola düşməyi qərara aldı. Artıq döyüş səngimişdi. Hərdən sərhədlərdə atəşkəs pozulsa da sakitçilik idi. Lakin, hərbiçilərimiz, hərbiçi olmaq arzusunda olanlar, ümumiyyətlə, bütün xalq hər an, hər dəqiqə döyüşə hazır vəziyyətdə dayanır, ermənilərin nə vaxt susdurulacağını gözləyirdi. Taleh də hərbiyə ilk-əzəl atasının və şəhidlərimizin, qanını almaq, torpaqlarımızı geri qaytarmaq üçün can atırdı. Atası Şəhid olandan sonra o,  anası ilə birgə şəhərdə yaşayırdı. Şəhərdə böyüyən Həbibə əri Elmarın ölümündən sonra kənddə qala bilməyib, öz doğmaları ilə birgə yaşamaq üçün şəhərdən ev almışdı. Elmarın valideynlərinin, qardaş-bacılarının təkidinə baxmayaraq kənddəki evlərini də satmışdı. Taleh də atalı böyüdüyü evdən getməyi üstün tutmuş, anası ilə şəhərə köçmüşdü. Həm də şəhər mühiti başqa idi. Yeni dostlar, təhsildə irəliləyiş, müxtəlif tədbirlər, dərnəklər və s. 
Hərbidən tez-tez anasına məktub yazırdı. Yazırdı ki, «Darıxma, ana, Vətənin keşiyində layiqincə dururam. Axı, mən Şəhid Elmar Məmmədovun oğluyam. Hələ ki, sərhədlərdə sakitlikdir. Amma atamın qanını o azğınlardan alacam, mütləq alacam…» Beləliklə, hərbi həyatını başa vuran Taleh doğma evlərinə, anasının yanına tələsirdi. 
… Yavaş-yavaş gecə öz qara köynəyini soyunmağa başlayırdı. Qatar isə dayanmadan irəliləyirdi. Növbəti dayanacaqda Taleh düşməli idi. Hazırlaşmaq üçün kupeyə daxil oldu. Qarı yenə deyinməyə başladı:
- A bala, sən gecəni harada keçirdin…
- Taleh onun sözünü yarıda kəsdi:
- Düşürəm, nənə. 
- Hə, uğur olsun, bala, düş, sağ-salamat gedəsən…
Səsə qoca yerində qurcalandı. Qız isə güzgülü darağını əllərində bərk-bərk tutaraq, yenə də mışıl-mışıl yatırdı. Taleh hərbi çantasını əlinə alıb kupedən çıxdı. Bələdçi də oyanmışdı. 
- Hə… əsgər sən indi düşürsən.
Arıq, cılız sifətli bələdçini lopa bığları çox gülməli göstərirdi. Taleh ona gülümsünərək başı ilə “ hə” dedi. Qatar ucadan fit verdi və dayandı.  Dayanacaq sərnişinlərlə dolu idi. Deyəsən növbəti qatarın vaxtına az qalmışdı. Səhər isə açılmışdı. Səhər gecənin soyuğunu, kədərini, əzginliyini elə gecədə qoymuşdu. İnsanların üzündə sevinc, xoş ovqat var idi. Hamı sevincə tələsirdi... 
Artıq şəhərarası avtobuslar da işə başlamışdı. Avtobusa əyləşən Taleh yol boyunca şəhərin necə dəyişdiyinə, gözəlləşdiyinə baxır, bu dəyişikliyə çox sevinirdi. Evlərinin yanındakı dayanacaqda düşdü və qaça-qaça binalarına yaxınlaşdı. Çoxmərtəbəli binanın giriş qapısından içəri keçib, birnəfəsə üçüncü mərtəbəyə qalxdı və evlərinin qapı zəngini çaldı. O, tələsirdi... Anasını bağrına basmağa, oğlun gəldi, ana, daha heç bir çətinliyin olmayacaq, deməyə tələsirdi… 
Qapı çox gec açıldı. Qapının kandarında Talehi görən Nurəddinin dili söz tutmadı. İçəri otaqdan isə Həbibənin səsi eşidildi:
- Kimdir, ay Nurəddin, bu vaxt, xeyir ola…

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.